Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası” adlı süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, bugünkü süjetdə “ad dəyişmə terroruna” məruz qalan Ağdaban, Ağdamlar, Ağdaş, Ağdərə, Ağadərəsi toponimləri, eləcə də Ağdağ, Ağdan oronimləri haqqında söz açılıb.
Bildirilib ki, orta əsrlərdən etibarən Cənubi Qafqaza gələn ermənilər əvvəlcə saxta tarix kitabları yazıb özlərini bu regionun aftoxton sakinləri kimi qələmə verib, mövcud toponimləri dəyişdirməklə məşğul olublar.
Ağdaban – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. Bazarçayın sağ sahilində yerləşib.
Ağdağ – Dərələyəz mahalının Keşişkənd, yəni Yeğeqnadzor rayonunda dağ adıdır. Hündürlüyü 1897 metr olan bu oronim qədim türk dilində “uca, hündür” mənasında işlənən “ağ” sözü əsasında yaranıb.
Ağdamlar – Gərnibasar mahalının Qəmərli, yəni Artaşat rayonunda kənd olub. Burada 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşayıb. XX əsrin əvəllərində ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar deportasiya olunub və kənd ləğv edilib.
Ağdan – Şəmşəddil mahalının Karvansaray, yəni İcevan rayonunun Ağdan kəndində çay adıdır və Ağstafa çayına tökülür.
Ağdaş – Loru mahalının Allahverdi, yəni Tumanyan rayonunda kənd adıdır. Kənd XIX əsrdə dağıdılaraq əhalisi Axtala və Şamlıq kəndlərinə köçürülüb. İndi xaraba kənddir.
Ağdərə – Dərələyəz mahalının Keşişkənd, yəni Yeğeqnadzor rayonunda kənd olub. 1831- ci ildə 78 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşayıb və XIX əsrin sonlarında ləğv edilib.
Ağadərəsi – Qırxbulaq mahalının Ellər, yəni Kotayk/Abovyan rayonunda kənd adıdır. 1905-1906-cı illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunub. 1946-cı ildə kəndin adı dəyişdirilib Katnaxpyur, yəni Südlü bulaq qoyulub.
Sonda vurğulanıb ki, qondarma tarix yaratmaq üçün hayların uydurduğu toponimlərin sayı-hesabı yoxdur:
“Təbii ki, uydurmaçılıqla məşğul olan və bunu özlərinə peşə seçən ermənilər unudurlar ki, yalan baş tutur, amma yerimir. Çünki indiki şəraitdə əsl həqiqət qalib gələcək, Qərbi Azərbaycanın coğrafi və toponimik olaraq tarixi keçmişi bərpa olunacaq”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlərdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.