"21 sentyabrda Türkiyə Super Liqasında keçiriləcək "Fənərbağça" - "Qalatasaray" derbisi səbirsizliklə gözlənilir".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu iki komanda arasındakı derbi dünyanın hər yerindən olan insanlar tərəfindən maraqla izlənilir:
"Mən özüm də səbirsizliklə bu matçı gözləyirəm. Oyunun keyfiyyətindən daha çox matçın həyəcanı maraqlı olur. Hətta futbolçular da bu həyəcanla bir-birlərinə qarşı zaman-zaman qəddarcasına oynayırlar".
Ekspert diqqətə çatdırıb ki, "Fənərbağça" öz evində keçiriləcək olan derbidə meydana azarkeş üstünlüyü ilə çıxacaq:
"Təbii ki, azarkeş kütləsinə görə "Fənərbağça" - "Qalatasaray" matçlarının kimin meydançasında keçirilməsi də böyük faktordur. Məsələn, bu matç "Fənərbağça"nın meydançasında keçiriləcəyi üçün "Qalatasaray"ı böyük təzyiq altında saxlayacaqlar. Sözsüz ki, bu komandalar müxtəlif zamanlarda bir-birlərinin meydanlarında da qələbə qazanıblar. Şənbə günü isə hansı komanda qalib gəlsə çempionluq yolunda böyük addım atacaq. Çünki derbi oyunlar çox vaxt həlledici olur".
Aslan Kərimov İstanbul derbisi barədə proqnoz da verib:
"Mən hər iki tərəfin şanslarını bərabər dəyərləndirirəm. İki komandanın da baş məşqçiləri çox güclüdür. Düzdür, Joze Mourinyo çox təcrübəli və titullu məşqçidir. Lakin Okan Buruk da Super Liqada son 2 mövsümün çempionudur. Düşünürəm ki, bu oyunda gərgin mübarizə olacaq. Şanslar isə bərabərdir. Yəni matçın bərabərə bitmə ehtimalı daha çoxdur. Bundan başqa, oyunda qırmızı vərəqənin də göstərilmə ehtimalı var".
Mütəxəssis qeyd edib ki, dünya ulduzu Mauro İkardinin zədə səbəbindən oynamaması "Qalatasaray" üçün itki olacaq:
"İkardi "Qalatasaray" üçün "qol maşını"na çevrilib. Əlbəttə ki, onun olmaması çox böyük itki olacaq. İkardi qol duyumunu "Qalatasaray"ın son 2 çempionluğunda da sübut edib. Amma ümumi mənada Okan Buruk onun yoxluğuna uyğun heyət quracaq".
Pərviz