Ötən gündən bəri özünü Ramal kimi təqdim edən yeniyetmənin “Səni axtarıram” verilişinə pənah gətirərək qaldığı uşaq evi ilə bağlı dilə gətirdiyi “Mən orada qalmaq istəmirəm, bizi hər gün “veşalka” (asılqan - red.) ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb…” iddialar ölkə gündəmini alt-üst edib.
OLAY yazır ki, aktrisa və prodüser Oksana Rəsulova instaqram səhifəsində sözügedən dəhşətli hadisəyə münasibət bildirib.
Bu olayla bağlı Prezidentə, Birinci xanıma və adiyyatı qurumlara səslənən sənətçi onlara müraciət ünvanlayıb:
“Xahiş edirəm, bir valideyin kimi yalvarıram, bu uşağa və o 3 saylı uşaq evində olan uşaqlara kömək edin. Bu uşağın ağrısını, iç əzabını, işgəncələrini eşidək, görək, əziz dəyərli Azərbaycan xalqı. Axı hər bir vətəndaş belə uşaqların valideynidir. Xahiş edirəm bu məsələ ilə maraqlanın. Hər zaman beləuşaqlara dəstək olmusunuz. Polis, bunu araşdırın və cəzalandırın o “qansız” müəllimləri. Elə bil onların evdə uşaqları yoxdur. Siz qansızlar necə Allahdan qorxmursunuz. Quranda yazılıb ki, yetimi incitmə, ona əzab vermə, günahdır”.