Azər Allahverənov: “Bu qərar, təbii ki, Azərbaycan vətəndaşlarına öz təsirini göstərəcək”
Rusiyada qanunsuz miqrantların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bu barədə "Kommersant"a RF Daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy məlumat verib. Məlumdur ki, Rusiyada qeyri-qanuni qalan əcnəbilərin reyestri yaradılır.
Həmin sistemə düşdükdən sonra miqrantlar nəqliyyat vasitələri sürə, bank xidmətlərindən istifadə edə, əmlakı qeydiyyata aldıra, nikah bağlaya və ya poza bilməyəcəklər.
Qeyd edək ki, hazırda Rusiyada 2 milyondan çox azərbaycanlı miqrant yaşayır. Bu yeni qayda Rusiyada qanunsuz yaşayan soydaşlarımıza necə təsir edəcək?
“Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi məcburi tədbirdir və bu, ilk növbədə, təhlükəsizlik məsələləri ilə bağlıdır”
"Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri Azər Allahverənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi məcburi tədbirdir və bu, ilk növbədə, təhlükəsizlik məsələləri ilə bağlıdır: “Xatırladım ki, "Crocus City"də mart ayında terror hadisəsi oldu. Bu terror hadisəsindən sonra miqrantlarla bağlı xüsusi bir nəzarət siyasəti qurulmağa başladı, hətta qanunvericilikdə bir sıra təşəbbüslərlə çıxış edildi. Ümumiyyətlə, Rusiya rəhbərliyi miqrantların iqtisadiyyata maksimum fayda gətirəcəyi bir şərait yaratmaq istəyir. Bu, miqrant əməyinin tam leqallaşdırılmasını, habelə qaydaların sərtləşdirilməsini nəzərdə tutur ki, bu da Rusiyada miqrantların sayının azalmasına səbəb olacaq. Bu qərar, təbii ki, Azərbaycan vətəndaşlarına öz təsirini göstərəcək. İndilikdə bu, bilavasitə gediş-gəlişlə yox, Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ilə özünü büruzə verir. Sonrakı mərhələdə daimi yaşamaq icazəsinin alınması məsələsi çox ciddi götürülür. Yəni istənilən icazənin verilməsi üçün əsaslara diqqət yetirilir”.
Ekspert hesab edir ki, miqrantlara qoyulan ailə üzvlərini Rusiyaya gətirmə qadağası azərbaycanlılara da təsir edəcək: “Bu maraqlar miqrantların maraqları ilə üst-üstə düşməyə bilər. Yaxşı olar ki, yaşama icazəsi olan şəxslər qanun-qaydalara uyğun davransın, belə olduğu halda hökumət strukturu ilə bağlı hər hansı bir problem yaşanmaz”.
Günel CƏLİLOVA