“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu düşünürəm”.
Publika.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib.
O, bu prosesin çətin olduğunu və qarşısında müəyyən maneələrin dayandığını bildirib.
“Hesab edirəm ki, ilkin addım olaraq çərçivə razılaşması əldə etmək mümkündür. Orada bir sıra, o cümlədən Azərbaycanın narahat olduğu Ermənistanın Konstitusiyasına dəyişiklik məsələsi var. Həmçinin Ermənistanın da narahat olduğu bəzi məsələlər mövcuddur. Bütün bunlar ən azından çərçivə sazişinin qarşısında dayanmamalıdır. Mən bir çox məsələlər, o cümlədən demarkasiya və kommunikasiyalarla bağlı irəliləyişin əldə olunmasından çox şadam. Düşünürəm ki, bir sıra çətin mövzular, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə irəliləyiş üçün imkanlar var. Tərəflərin bir-biri qarşısında öhdəlik götürməsi və irəli addımlamaq üçün yollar tapması, xüsusilə də beynəlxalq səhnədə getdikcə liderlik rolunu artıran Azərbaycan üçün çox vacibdir”,- deyə keçmiş həmsədr bildirib.
Ceyms Uorlik Qarabağda gedən yenidənqurma işlərinə də toxunaraq orada ABŞ şirkətləri üçün də investisiya imkanları ola biləcəyini qeyd edib.