Ankara, 21 sentyabr, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Azərbaycan və Türkiyə ilə əlaqələrin dərinləşdirilməsi niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə ŞKTC-nin Baş naziri Ünal Üstel türk Kiprinin aparıcı siyasi partiyası olan Milli Birlik Partiyasının 21-ci Qurultayında iştirak etmək üçün Lefkoşaya səfərə gəlmiş Milli Məclisin deputatı Ramil Hüseynov və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla keçirdiyi görüşdə bildirib.
Üstel beynəlxalq aləmdə, o cümlədən Türk Dövlətləri Təşkilatında Lefkoşanın maraqlarının təşviqi istiqamətində atılan addımları dəstəklədiklərinə görə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkür edib.
Onun sözlərinə görə, qardaş ölkələr arasında əlaqələr siyasi partiyalar səviyyəsində də inkişaf etməlidir. “Mənim rəhbərlik etdiyim Milli Birlik Partiyası bu prosesə öz töhfəsini verməyə hazırdır”, - deyə siyasətçi vurğulayıb.
O qeyd edib ki, üç ölkənin siyasi qüvvələrinin gənclər birlikləri arasında əlaqələr də böyük əhəmiyyət kəsb edir.
Millət vəkili Ramil Həsənov, öz növbəsində, Yeni Azərbaycan Partiyasının Türkiyənin və ŞKTC-nin siyasi partiyaları ilə dialoqu dərinləşdirməyə hazır olduğunu qeyd edərək, qurultayın işinə uğurlar arzulayıb.
Görüşdə Milli Birlik Partiyasının baş katibi Oğuzhan Hasipoğlu və partiyanın gənclər qanadının rəhbərləri iştirak ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara