AZ

İsveçrə parlamentində “erməni sorğusu” ŞƏRH

İsveçrə

Bakı, 21 sentyabr, AZƏRTAC

İsveçrə deyəndə, ilk növbədə, göz önünə yaşıllıqlara bürünmüş dərələr, təpələr, göz oxşayan çəmənliklər və insanın ruhunu sakitləşdirən mavi göllər gəlir. İsveçrədən danışanda xoşbəxt cəmiyyət, yüksək sosial rifah səviyyəsi və insanlar arasında səmimi bir ortamı xatırlayırsan. Hər yerdə olduğu kimi, orada da dövlət var, ədalətə söykənən qanunlar və ictimai marağın mərkəzində dayanan insan haqları var.

İsveçrə Avropa İttifaqına daxil olmasa da beynəlxalq siyasətini Avropa ailəsinin üzvü olan bir dövlət kimi aparır. Siyasət olan yerdə isə istəsən də, istəməsən də əvvəl-axır bir əxlaqsızlıqla üzləşəcəksən.

Belə əxlaqsız bir addım bu həftə İsveçrə parlamentində atılıb. Parlamentdən hökumətə daxil olmuş bir müraciətdə İsveçrə dövlətinin tezliklə Azərbaycanda keçiriləcək COP29 konfransına münasibəti sorğulanıb. Amma elə şəkildə sorğulanıb ki, bu müraciətin mətninin ermənilər tərəfindən yazılıb hazırlanması və erməni lobbisindən alınan yüksək qonorar müqabilində ortaya çıxarılması qətiyyən şübhə doğurmur.

AZƏRTAC xəbər verir ki, bunu fəlsəfə doktoru Cavanşir Feyziyev deyib.

“Sorğu müəllifləri öz müraciətlərinə keçən ilin bu günündə “... Azərbaycanın Dağlıq Qarabağa hücumu və min illərlə orada yaşayan erməni əhalini etnik təmizləməyə məruz qoyması” fikri ilə başlayırlar. Daha sonra guya Qarabağda yaşamış ermənilərin 10 ay ərzində mühasirədə saxlanması, onların ərzaqdan, tibbi xidmətdən və dərman preparatlarından məhrum edilməsi, onlara fiziki və psixoloji təzyiq göstərilməsi və hətta Qarabağı tərk etdikləri cəmi bir sutka ərzində çoxsaylı hamilə qadınların öz uşaqlarını itirməsi haqqında saxta iddialar irəli sürülür. İsveçrəli deputatlar Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru, hazırda isə yüksək məbləğdə rüşvət müqabilində erməni lobbisinə nökərçilik etməyə girişmiş Luis Moreno Okampoya istinad edərək bütün bunların Azərbaycan tərəfindən törədilmiş “etnik təmizləmə və ya soyqırımı” olduğunu iddia edirlər. Sorğuya öz imzasını atmış 16 parlament üzvü həmin ərazilərdə guya ermənilərə məxsus olmuş tarixi-mədəni irsin məhv edildiyini və eləcə də 23 erməninin hələ də Azərbaycan tərəfində girov saxlanıldığını iddia edir”, - deyə C.Feyziyev bildirib.

O deyib: “Lakin bu müraciətdə 30 illik işğal müddətində bir milyona yaxın azərbaycanlının ölümdən xilas olmaq üçün qaçqın düşməsindən, minlərlə azərbaycanlının qətlə yetirilməsindən, onların insan hüquqlarından və eləcə də bu 23 “yazıq” erməninin hansı qanlı cinayətlər törətdiyindən qətiyyən söz açılmır. Əksinə, “...Azərbaycana qarşı sanksiyalar tətbiq etmək əvəzinə BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransının bu ölkədə keçirilməsindən” məyusluğunu bildirən erməni lobbiçiləri İsveçrə Federal hökumətindən aşağıdakı suallara cavab verilməsini tələb edirlər:

1. İsveçrə Dağlıq Qarabağ ermənilərinin öz ata-baba yerlərinə qayıtmaq və öz müqəddəratını təyin etmək hüququnu tanıyırmı?

2. COP29 konfransında iştirak edəcək İsveçrə nümayəndə heyətinin Bakıda olarkən etnik təmizləmə və ermənilərin qayıtmaq hüququ ilə bağlı məsələ qaldırmaq niyyəti varmı?

Əlbəttə, belə bir sorğunun mətni ilə tanış olanda İsveçrə haqqındakı bütün xoş təsəvvürlər dərhal yoxa çıxır. İstər-istəməz sual yaranır: çox güman ki, heç vaxt Azərbaycanda olmamış və əminəm ki, hətta “Dağlıq Qarabağ” adlandırdıqları ərazini xəritədə belə göstərə bilməyən isveçrəli deputatları müstəqil və suveren bir dövlətə qarşı iftiralarla dolu bir sorğunu öz hökumətinə ünvanlamağa vadar edən nədir?

Uzun illər ərzində Avropanın ayrı-ayrı ölkələrinin parlamentlərində və hətta Avropa Parlamentinin özündə dəfələrlə qarşılaşdığımız bu kimi hadisələrin təhlili göstərir ki, bu, yalnız üç halda baş verir. Birincisi, Avropanın erməni lobbi təşkilatlarından alınan külli miqdarda rüşvət müqabilində. Belələrinin sayı kifayət qədər çoxdur. Son illərdə Avropa Parlamentində aşkarlanan və hətta parlamentin vitse-prezidenti səviyyəsində baş vermiş korrupsiya hallarını xatırlamaq kifayətdir. İkincisi, deputatın ailə üzvlərindən biri və əsasən də arvadı və ya gəlini erməniəsilli olduqda; məsələn, ABŞ konqresmeni Robert Menendes və ya Lüksemburq deputatı Frank Engel hallarında olduğu kimi. Üçüncüsü isə həmin ölkənin hökumətindən parlamentə Azərbaycan Respublikasına qarşı belə bir qərəzli sifariş daxil olduqda; məsələn, Fransada Emmanuel Makronun vaxtaşırı ölkə parlamentinə göndərdiyi ağılsız “qətnamə” sifarişləri kimi”.

Bütün hallarda heç bir fakta əsaslanmayan iftira və böhtanlarla dolu bir sorğunu, orada irəli sürülən iddiaları araşdırmadan və onun saxta olub-olmadığına məhəl qoymadan və hətta bu iddiaların saxta olduğunu bildikləri halda hazır vəziyyətdə əllərinə verilmiş sorğu mətnini hökumətə ünvanlayan deputatları əxlaqsız adlandıran fəlsəfə doktoru beləsinə başqa ad qoymağın çox çətin olduğunu vurğulayaraq deyib: “Əminəm ki, İsveçrə seçiciləri bu deputatların federal parlamentə üzv seçilməsinə səs verəndə onların qarşısında erməni lobbizminə xidmət etmək kimi bir vəzifə qoymayıblar. Hər halda onlar öz deputatlarından məhz öz vətəndaşlarının maraqlarının qorunmasını istəyə bilərdilər. Lakin görünür ki, Avropa erməni təşkilatlarının təklif etdiyi qonorar o qədər cəlbedici olub ki, bu deputatlar ondan imtina etməyə özlərində güc tapa bilməyiblər.

Bizim üçünsə bu gün daha maraqlı olan məsələ İsveçrə Federal hökumətinin bu sorğuya verəcəyi cavabdır. Bəllidir ki, İsveçrə ilə Azərbaycan arasında hər iki ölkənin milli maraqlarını qane edən səmimi və işgüzar əməkdaşlıq mühiti mövcuddur. Belə bir vəziyyətdə əsas sual budur ki, COP29 konfransında iştirak etmək üçün ölkəmizə gələcək İsveçrə nümayəndə heyəti erməni lobbisinə muzdlu nökərçilik edən əxlaqsız bir deputatın tələbini nəzərə alacaq, yoxsa bütün dünyaya məlum olan Qarabağ həqiqətlərinə istinad edərək Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verəcək. Əlbəttə, bu onların seçimi olacaq. Bizim isə gözləntimiz ondan ibarətdir ki, İsveçrə hökumətinin bu bədnam sorğuya cavab mətnində və eləcə də İsveçrə nümayəndə heyətinin COP29 çərçivəsindəki davranışlarında biz İsveçrənin prinsipial və ədalətli yanaşmasının şahidi olacağıq. Əks təqdirdə Azərbaycan dövlətinin də öz siyasətini mövcud reallıqlara uyğunlaşdırması qaçılmaz olacaq”.

Seçilən
14
13
azertag.az

10Mənbələr