AZ

Qərb və ABŞ İrəvanı yeni müharibəyə hazırlaşdırır -

ABŞ və Qərbin Rusiyanı Cənubi Qafqazda üstələmək, bölgədə söz sahibi olmaq niyyəti ilə Ermənistandan alət kimi istifadə etməsi və bu fonda İrəvanı silahlandıraraq regionda sülhə maneələr törətmək, yeni münaqişə ocaqları yaratmaq cəhdlər aşkardır. Eyni zamanda belə görünür ki, İrəvan hələ də Qərbin bütün təzyiqlərinə baxmayaraq Rusiyanın təsirindən çıxa bilmir və köhnə müttəfiqi ilə münasibətləri normallaşdırmağa da hazırdır. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistana səfəri, Nikol Paşinyanla görüşü də bunu deməyə əsas verir. Görüş zamanı açıqlanan məlumatlardan məlum olur ki, iki ölkə arasında iqtisadi əlaqələr və ticarət dövriyyəsində müsbət dinamika hökm sürür - Rusiya ilə Ermənistan arasında bu ilin birinci yarısında ticarət dövriyyəsi 8,4 milyard dollardan artıq olub.Müxtəlif güc mərkəzlərinin öz maraqları naminə İrəvanı silahlandıraraq müharibəyə təşviq etmə cəhdləri baş tutacaqmı?Metbuat.az-a bu barədə danışan politoloq Sultan Zahidovun fikrincə, İrəvana silah təchiz edən əsas güclər Fransa, ABŞ, Hindistan, Yunanıstan, İran kimi ölkələrdir və bu göstərir ki, Ermənistan sülhdə bir o qədər də maraqlı deyil: "Artıq bir neçə ildir ki, biz Ermənistanda intensiv silahlanmanın şahidi oluruq. Bu, regionda yeni münaqişə ocaqlarının yaranması ehtimalını artırır. Qərbin Cənubi Qafqaz regionunda maraqları var, bu regionda söz sahibi olmağa çalışırlar, buradan Rusiyanı sıxışdırmağa çalışırlar".
Politoloqun sözlərinə görə, Qərb dərk edir ki, bu region təkcə neft-qaz ehtiyatları baxımından yox, tranzit baxımından da əhəmiyyətlidir:"Çünki Cənubi Qafqaz Asiya ilə Avropa arasındakı zəncirin ən vacib halqalarındandır. Qərb bunun üçün müəyyən alətlərin axtarışındadır və o alətlərdən biri də Ermənistandır. Çünki Azərbaycan müstəqil siyasət yürüdür, Gürcüstan isə Qərb və Rusiya arasında balanslı siyasətə üstünlük verir. Cənubi Qafqaz kimi regionlarda adətən münaqişələr çox olur. Hər dövlətin öz marağı olduğuna görə müəyyən provakasiyalara əl atırlar. Bu da digər dövlətər tərəfindən cavabsız qalmır və nəticədə münaqişə ocaqları yaranır. Bu ehtimal əfsuslar olsun ki, var və bunun da əsas səbəbi Rusiya ilə Qərb arasında gedən oyundur". Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı danışarkən qeyd edib ki, təhlükəsizlik baxımından olduqca böyük problemlərlə üz-üzə qalan Ermənistan dünyanın istənilən ölkəsindən ən zəif silahları da qəbul etməyə hazırdır:
"Ermənistan bir alət olaraq müharibədən əvvəl də, sonra da qlobal güc olan bir çox ölkələr tərəfindən müəyyən maraqlarda istifadə olunan bir ölkədir, müstəqil bir siyasəti yoxdur, öz imkanları ilə öz təhlükəsizliyini təmin edə bilmir və davamlı olaraq başqa ölkələrdən aldığı dəstək hesabına mövcudluğunu davam etdirir. Müttəfiqləri ilə münasibətlərində gərginlik yaranan Ermənistan yeni müttəfiq axtarışındadır və hazırda bu müttəfiqlik təkliflərini irəli sürən ölkələr əsasən Fransa və ABŞ-dir. Rusiya ilə münasibətləri də hazırda birmənalı deyil. İstənilən halda Ermənistan öz ərazisini istər Hindistan, istər ABŞ və Qərb ölkələri üçün açıq elan edib və bu, İrəvanın silahlandırılması üzərindən baş verir. Ermənistana silah göndərən Qərb eyni zamanda Ermənistanın fəaliyyətlərinə, onun ərazisindən keçən magistrallara, dəhlizlərə nəzarət etmək niyyətindədir".
Ekspert vurğulayıb ki, bütün bunlar məğlub Ermənistanın itirilmiş hərbi gücünü bərpa etmək və bölgədə yeni münaqişə ocaqları yaratmaq məqsədi daşıyır:"Hazırda müharibə olub-olmayacağını deyə bilmərik, amma Ermənistanın müharibəyə hazırlaşdığı artıq aşkar şəkildə görünür. Biz yaxın perspektivdə İrəvanın Naxçıvan istiqamətində eskalasiya yarada biləcəyini ehtimal edirik. Bunun sübutu kimi Ermənistanın həmin istiqamətdə atəşkəsi intensiv şəkildə pozması, həmin əraziyə əlavə qüvvə və texnika cəmləşdirməsini göstərmək olar. Lakin Ermənistan əldə etdiyi silahlarla belə müharibə aparmaq gücündə deyil, əgər eskalasiya genişlənsə, Ermənistanın mövcudluğu sual altına düşə bilər". Mövzu ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, müxtəlif güc mərkəzləri və müəyyən dövlətlər Cənubi Qafqazda sülhün əldə olunmasını istəmirlər: "Qərb tərəfindən İrəvanın silahlandırılması davam edir, regionda sülhün əldə edilməsini istəmirlər. Əksinə, sülh danışıqlarında irəliləyişə mane olan siyasət yürüdülür və bu da həmin dövlətlərin geosiyasi maraqlarının bölgədə təmin olunmasına hesablanmış addımdır. Azərbaycan Rusiya, Fransa və ABŞ-nin təzyiqlərini neytrallaşdıraraq öz diplomatik üstünlüyünü əldə edə bilib. Buna görə də, Ermənistandan istifadə etməyə çalışırlar. Zaman-zaman Ermənistan hökümətin tərəfindən pozitiv meyillər müşahi olunur, amma sonradan Ermənistan öz verdiyi açıqlamaları təkzib edir, yeni şərtlər irəli sürü və s. Bu da istər Rusiya, istər Qərb tərəfindən Ermənistana edilən təzyiqlərin nəticəsidir. Ermənistanın silah aldığı ölkələrə nəzər yetirsək, bura Hindistan, Fransa, ABŞ vasitəsi ilə əlaqə yaradılan Cənubi Koreya və Yaponiya daxildir".
Siyasi şərhçi vurğulayıb ki, sülh prosesində ən prinsipial məsələ dəhliz məsələsidir:"Burada ən prinsipial məsələ dəhliz məsələsidir, bununla bağlı maraq toqquşmaları mövcuddur. ABŞ və Rusiya dəhlizə nəzarət etmək istəyir, eyni zamanda İran istəyir dəhliz açılmasın. Azərbaycan öz maraqlarını və suverenliyini təmin edib, Bakının irəli sürdüyü şərtlər uzaq perspektivə, daimi sülhün əldə olunmasına hesablanan şərtlərdir".
Cavidan Mirzəzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
metbuat.az

1Mənbələr