Sosial Xidmətlər Agentliyi Bakıda 3 saylı uşaq evindəki döyülmə iddiaları ilə bağlı məlumat yayıb.
QAZÌLER.AZ Lent.az-a istinaden bildirir ki, 3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda bununla bağlı araşdırma aparılır. Müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq:
"Adıçəkilən müəssisə təxminən 1 aydır ki, hüquqi olaraq SXA-nın idarəetməsindədir. Sosial Xidmətlər Agentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır.
Mediada iddiası yayılan müəssisənin sakini 13 yaşlı Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılır.
Əlavə məlumat veriləcək".
Qeyd edək ki, sözügedən uşaq evinin sakini olan Ramal ARB televiziyasında bildirib ki, uşaq evində döyüldüyü, təhqir edildiyi üçün qaçıb və 8 gündür ki, küçədə qalır.