Sentyabrın 21-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolunun Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, seçki məcəlləsinin tələblərinə uyğunluğu və seçkilərin yekunlarının təsdiq olunmasına dair xüsusi konstitusiya icraatı qaydasında MSK-dan daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.
İclasda məruzəçi qismində çıxış edən hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılmış və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib və həmin gün seçkilər keçirilib. Seçki məcəlləsinin 171.2 maddəsinə əsasən MSK səsvermə günündən ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını, bu məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə yoxlayır və 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiyanın 86-cı maddəsinə görə Milli Məclisə seçkilərin nəticələrinin düzgünlüyünü ümumi qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiqləyir. Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın, habelə dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə sentyabrın 16-da Konstitusiya Məhkəməsinə təqdim edib.