“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov Çinə səfəri zamanı Sian quru limanı və Qazaxıstan–Çin birgə terminalı ilə tanış olub, Avropaya konteyner blok qatarının yola salınması mərasimində iştirak edib.
ADY-dən redaksiyamıza bununla bağlı verilən məlumata görə, V.Aslanovun Çin, Qazaxıstan və Gürcüstandan olan həmkarları ilə görüşündə artan yük həcminə uyğun infratruktur işlərinin icrası, qatarların qrafik üzrə hərəkətinin reallaşdırılması məsələləri müzakirə edilib. Toplantıda Çin–Avropa marşrutu üzrə blok qatarın yola düşməsi isə Azərbaycan və Çin arasında qarşılıqlı əlaqələrdə insanları və iqtisadiyyatları birləşdirən addım kimi dəyərləndirilib. Eyni zamanda, Siandan Orta Dəhlizlə yola salınan blok qatarın multimodal marşrutunun dəmir yolu şəbəkələri ilə yanaşı, Qazaxıstanın Altınkol və Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Bolqarıstanın Burqas, Serbiyanın Belqrad, Macarıstanın Budapeşt, eləcə də Almaniyanın Duysburq və Hamburq limanlarını əhatə etdiyi vurğulanıb.
Qeyd edilib ki, yeni marşrutun əhəmiyyəti bundan əvvəl Hamburq istiqamətinə alternativ nəqliyyat dəhlizləri ilə göndərilən konteyner yüklərinin Orta Dəhlizə cəlb edilməsi ilə yük həcminin artırılmasından ibarətdir.
Ekspertlərin sözlərinə görə, blok qatarının 20-25 günə təyinat məntəqəsinə çatması gözlənilir. Ümumilikdə Orta Dəhliz vasitəsilə bu ilin yanvar ayından etibarən Sian-Avropa istiqamətində mütəmadi olaraq gündəlik 1-2 qatar yola salınır.
ADY rəsmisi isə bildirib ki, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan dəstəkləyir, ölkənin tranzit potensialının gücləndirilməsi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, infrastruktur layihələrinə investisiya yatırılması davam etdirilir və atılan addımların Çin–Avropa–Çin marşrutu üzrə tranzit yük həcminin artmasına daha böyük töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Çində səfərdə olan ADY-nin sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Beynəlxalq İpək Yolu Sərgisi və Şərqi və Qərbi Çin arasında İnvestisiya və Ticarət Forumunda iştirak edib.