Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı Rusiya Prezidenti Vladimir Putinin reputasiyasına zərbədir, o, bu barədə danışmaq belə istəmir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, general Devid Petreus deyib.
Onun sözlərinə görə, Kurskda baş verənlər Rusiya ordusunun zəifliyini bütün dünyaya göstərdi.
General qeyd edib ki, Ukrayna tərəfi Kurskda dörd ən yaxşı briqadasını yerləşdirib, bu qüvvələr maddi-texniki təchizat, PUA və hava hücumundan müdafiə ilə təmin olunub.
“Bütün bunlar rusları sarsıtdı, çünki bu, onlar üçün gözlənilməz idi. Ukrayna ordusu Rusiyanın müdafiə qüvvələrinin və digər yerli güc strukturlarının çox zəif olduğunu göstərdi”, - MKİ-nin keçmiş direktoru vurğulayıb.
Petreus əlavə edib ki, Rusiya Kurskda Ukraynanın qarşısını almaq üçün adekvat cavab verə bilmir, cavab tədbirləri uzun çəkir:
“İndi Silahlı Qüvvələri sıxışdırmaq üçün Ukraynanın nəzarət zonasını daraltmağa çalışırlar. Bunun üçün cəbhə xəttində, xüsusən də Pokrovsk yaxınlığında istifadə etdikləri qüvvələri artırıblar. Hesab edirəm ki, Ukrayna ordusunun Kursk vilayətindəki əməliyyatı bu zəhmətə dəyərdi”.