AZ

Ermənistan sülh istəyirsə, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı ali sənədlərdə düzəliş etməlidir RƏY

Ermənistan

Bakı, 25 sentyabr, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyev Milli Məclisin ilk iclasındakı çıxışı zamanı Ermənistanın sülh müqaviləsinin gedişatındakı qeyri-adekvat və qeyri-səmimi münasibəti məsələsinə toxunub. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilən Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Ermənistan həqiqətən də sülh müqaviləsi istəyirsə, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı ali sənədlərdə düzəliş etməlidir. Çünki, bu olmayacağı təqdirdə Ermənistan Konstitusiya Məhkəməsi hər an sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyini bəhanə edərək, müqavilədən boyun qaçıra bilər. Ancaq Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycanla nəqliyyat və rabitə əlaqələrinin açılmasına razılaşmaması iki ölkə arasında sülhə nail olunması və iqtisadi inkişaf baxımından ciddi maneələr yaradır. Kommunikasiyaların bərpası həm regional sabitlik, həm də iqtisadi inteqrasiya üçün əhəmiyyətli bir addım olardı. Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsi, regiondakı ölkələr arasında iqtisadi əlaqələrin inkişafına və ticarətin genişlənməsinə gətirib çıxarır. Bu isə uzunmüddətli sülhün təməlini qoymağa yardım edərdi.

Deputatın sözlərinə görə, kommunikasiyaların açılması, həmçinin bölgədəki digər ölkələr üçün də əhəmiyyətlidir. Azərbaycan, Ermənistan və digər qonşu dövlətlər üçün qlobal ticarət yollarının genişlənməsi, Asiya və Avropa arasında ticarət və nəqliyyat əlaqələrinin daha səmərəli qurulması mümkün olardı. Lakin Ermənistan bu istiqamətdə hələ də real addımlar atmayıb və kommunikasiyaların açılmasına maraq göstərmir. Səbəblərdən biri, Ermənistanın daxili siyasi və ictimai narahatlıqları, həmçinin müəyyən qrupların Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən etirazlarıdır. Bu, Ermənistanın regional sülh prosesində konstruktiv tərəfdaş olmaq istəmədiyini və münasibətlərin yaxşılaşdırılmasına əngəl yaratdığını göstərir.

Hazırkı vəziyyətin davam etdiyi təqdirdə, regionda tam sülhün və sabitliyin əldə olunmasının çətinləşdiyini bildirən Pərvanə Vəliyeva əlavə edib: “Ermənistanın bu yöndə passiv qalması, yalnız öz iqtisadi və siyasi vəziyyətini deyil, həm də bölgədə sülhə nail olmaq üçün vacib imkanları məhdudlaşdırır. Müharibənin bitdiyini deyən Ermənistan, müharibənin qalığı olan Minsk qrupunun fəaliyyətini bərpa etmək üçün dəridən-qabıqdan çıxır. Minsk qrupu BMT-nin ona verdiyi mandatı rəhbər tutaraq, münaqişəni həll edə bilmədi. Əvəzində Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Qarabağ münaqişəsinin həll olunmasına və ərazi bütövlüyümüzün tam bərpa olunmasına baxmayaraq ölkəmizin təkidlərinə rəğmən Minsk qrupu yenə də formal olaraq saxlanılır. Bu qrupun hələ də saxlanmasına maraqlı olan Qərb institutları və ölkələri elə Ermənistanda revanşizmi aşılamağa maraqlı dairələrdir.

Azərbaycan Prezidenti çıxışında, o cümlədən Ermənistanda revanşist qüvvələrin yenidən canlanmağa cəhd göstərməsi məsələsini də qeyd edib. Ermənistana bu duyğuları təlqin edən, onu dəstəkləyən və intiqam arzusuna "ruhlandıran", Qarabağla bağlı separatçıları silahlandıran havadarları anlamalıdırlar ki, bu məsələ iki dövlətin müzakirə etməli olduğu bir mövzudur və burada xarici manipulyasiyaya ehtiyac yoxdur. Sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmağa çalışan Avropanın "sülh missiyaları"nın bu fəaliyyətinə nə ad vermək olar? Öz neo-kolonialist siyasətini 21-ci əsrdə də davam etdirən "sülhsevərlər" niyə öz ölkələrində hüquqları pozulan vətəndaşlarının hüquqi, sosial və iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması barədə düşünmürlər?”.

Hazırda beynəlxalq hüquq anlayışının dünya nizamında tamamilə sarsılmış vəziyyətdə olduğunu diqqətə çatdıran deputat deyib: “BMT tərəfindən qəbul edilmiş qətnamələr və çoxsaylı konvensiyaların tələbləri yerinə yetirilmir. Ölkəmiz 30 illik işğal dövründə dəfələrlə beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistanın beynəlxalq hüquq normalarını və prinsiplərini kobud şəkildə pozduğunu bildirib, haqq və ədalətin təmin edilməsini tələb edib. Lakin gözləntilərin əksi olaraq, ölkəmiz beynəlxalq təşkilatlardan yalnız ikili standartlar, ədalətsiz bəyanatlar və illər boyu nəticəsiz qalan danışıqlar gördü. Azərbaycan, öz gücü və güclü siyasi iradəsi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edərək 30 illik ədalətsizliyə son qoydu. Ölkəmiz bundan sonra xarici siyasətini daha da gücləndirərək, qazandığı tarixi Qələbəni qoruyub saxlayacaq və regionda mövqeyini daha da möhkəmləndirəcək”.

Seçilən
111
50
azertag.az

10Mənbələr