AZ

"Dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq" - Qurban Qurbanov

"Əfsuslar olsun ki, yerli jurnalistlərdən heç kim burada yoxdu. Sadəcə bizim iki çox dəyərli jurnalistimiz burdadı. “Tottenhem” haqda çox danışmağa bir o qədər ehtiyac yoxdu. Çünki, dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. Hansı ki, həmişə liderlər sırasında olub. Oyuna hazırıq. Sabah yəqin ki, çalışacağıq çox düzgün, çox səliqəli, çox intizamlı oynayaq. Bizim üçün böyük təcrübədi. Belə stadionda, belə azarkeş qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi üçün böyük təcrübədi. Sabah futbolçular çox güc sərf edərək, mütləq şəkildə yaxşı oyun göstərməyə çalışacaq".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının liqa mərhələsinin "Tottenhem"ə qarşı matçından əvvəl keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablayıb.

- 2015-ci ildə "Qarabağ" Londonda "Tottenhem"ə 1:3 uduzmuşdu. Həmin oyunu necə xatırlayırsız?
- Həmin matç tam olaraq yadımdadı. Bəli, 1:3 uduzmuşduq. O vaxt da "Tottenhem" yaxşı kollektiv idi, yaxşı baş məşqçisi var idi. Amma bugünkü "Tottenhem" daha dinamik, daha sürətlidi. Yeni baş məşqçi gələndən sonra bəlkə də, premyer-liqanın ən sürətli pressinq edən komandalarından birinə çevriliblər. O vaxtkı "Tottenhem"lə indiki tamam fərqlidi. Tam fərqli oyun fəlsəfəsi var.

- "Dinamo"(Zaqreb) Çempionlar Liqasında “Bavariya”ya 2:9 uduzduqdan sonra Azərbaycanda çoxları yaxşı ki, "Qarabağ"ın ÇL-də olmadığı fikirlərini səsləndirdi. Bu fikrə münasibətiniz necədi?
- Məncə, bu barədə düşünmək artıq gecdi. Bu gün Avroliqadakı komandaların 70 faizi Çempionlar Liqasındakı komandalarıdan fərqlənmir. ÇL səviyyədə oynayan komandalardı. Bu barədə düşünmürəm, düşünmək də istəmirəm. Bu gün AL-də oynayırıqsa, o barədə düşünməyimiz doğru olmaz. ÇL-ə düşsəydik, necə olardı, düşməmişik yaxşıdı kimi düşüncələrlə işimizi qurmalı deyilik. Əksinə, istənilən turnirdə ən yuxarılarda olmağa çalışmışıq. Layiqincə mübarizə aparmaq istəmişik. Böyükhesablı məğlubiyyətə gəldikdə, belə hallara tez-tez rast gəlirik. Bu gün futbol bir az fərqli yöndə gedir, inkişaf edir. Böyük komandaların bu cür rəqiblərə, bizə böyük hesabla qalib gəlmək ehtimalları çoxdu. Biz də hər oyuna tam ciddi, tam diqqətli hazırlaşırıq.

- "Tottenhem" haqda sirr aça bilərsiz?
- Xeyr, açılacaq sirr yoxdu. Rəqibin sirləri çoxdu. Bu barədə hansısa fikir bildirə bilməyəcəm.

Seçilən
4
14
football-plus.az

10Mənbələr