AZ

Əliyevin Qarabağın bərpası ilə bağlı çağırışına reaksiyalar: “Siyasi amillərlə bağlıdır”

Yayımlandı: 26 Sentyabr 2024 13:19 “Sülh müqaviləsi imzalanmadığından bəzi Qərb donorları gözləmə mövqeyindədir” Sentyabrın 23-də Milli Məclisin ilk toplantısında çıxış edən ölkə başçısı İlham Əliyev işğaldan azad edilən ərazilərin bərpasına beynəlxalq dəstəyin olmamasından narazılığını ifadə edib. Həmin bölgələrin bərpasına, o cümlədən yolların, tunellərin, körpülərin və sosial obyektlərin tikintisinə 19 milyard manat ayrıldığını söyləyən İlham Əliyev bu səylərə beynəlxalq dəstəyin olmadığını bildirib: “Yalnız Özbəkistan və Qazaxıstan kimi “qardaş dövlətlər” töhfə veriblər, donor təşkilatları isə laqeyd qalıblar”. Sual yaranır: niyə ancaq Özbəkistan, Qazaxıstan? Digər ölkələr nədən yardım etmir? Əliyev donor təşkilatlar deyəndə hansıları nəzərdə tutur, yaxud Qərb donorları niyə yardım etmək istəmirlər? İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, dəstək deyəndə Orta Asiya ölkələrinin fəaliyyətləri nəzərdə tutulub, onların da dəstəyi başadüşüləndir: “Çünki Şərqi Zəngəzur dəhlizinin əsas benefisiarlarından biri də bu ölkələrdir”. “Avropa İttifaqı ölkələrinin böyük fondlarına ehyam vurulub” Məhəmməd Talıblının şəxsi arxivindən “Dəstək göstərməyən donorlar deyəndə isə böyük ehtimal Qərb insitutları, donorları nəzərdə tutulub. Avropa İttifaqı ölkələrinin böyük fondlarına ehyam vurulub. Bir şeyi nəzərə almalıyıq ki, biz daha onlarla eyni dəyərləri bölüşmədiyimiz kimi oxşar resursları da bölüşmürük. Bu məntiqlə bu dəhlizdə marağı olan donorlar Çin və digər sosialist düşərgələri ola bilər. Kollektiv Qərb insitutları bu layihədən kənarda qaldıqları üçün onların hansısa töhfə verməməkləri başadüşüləndir. Çünki onlarla biz ayrı-ayrı siyasi qütblərdə yer alırıq”, – deyə o bildirib. “Bəziləri ermənilərin Qarabağı tərk etməsini etnik təmizləmə kimi qiymətləndirir” “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev donorların və aparıcı dövlətlərin dəstəyinin olmamasını siyasi amillərlə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında hələ sülh müqaviləsi imzalanmadığından donorlar və aparıcı dövlətlər gözləmə mövqeyindədirlər: Source: Foto: Meydan TV “İkinci siyasi amil Qərbin ermənilərin Qarabağı tərk etməsini tənqid etməsidir. Bəziləri bunu etnik təmizləmə kimi qiymətləndirir. Həm də konflikt hələ tam həll olunmayıb, mübahisəli vəziyyət qaldığından hər hansı formada dəstək verməkdə problem görürlər. Bu, o deməkdir ki, Ermənistanla sülh müqaviləsi imzalanmalı və birinci növbədə Yerevan status-kvonu qəbul etməlidir. Sentyabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Makrona cavab bəyanatından da görünür ki, Avropa Birliyinin əsas dövlətlərinin məsələyə münasibəti birmənalı deyil. Yəni onlar demirlər ki, Azərbaycan özünün qanuni ərazilərini işğaldan azad edib, ermənilərin bölgəni tərk etməsi də münaqişənin bitməsidir. Əsas donorlar da ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Yaponiya və digər ölkələrdir. Təkrar edirəm ki, konfliktin bitməsini əsas şərtləndirən amil sülh müqaviləsidir ki, o da yoxdur. Ancaq Azərbaycanın öz ərazilərini bərpa etməsində neytrallığı saxlayırlar, hətta minaların təmizlənməsinə dəstək də verirlər, sadəcə, ölkə başçısının dediyi dəstəyi vermirlər”. “Ərazisi dağıdılan Azərbaycandır…” Deputat Vüqar Bayramov Meydan TV-nin sorğusuna cavabında deyib ki, Azərbaycan Şərqi Zəngəzuru və Qarabağı özünün maliyyə mənbələri hesabına bərpa etdirir: “Nəzərə alın ki, 30 illik işğal dövründə həmin ərazilər tamamilə dağıdılıb və xarabalığa çevrilib. Hökumətin məqsədi qısa müddətdə ərazilərin bərpası və məskunlaşmanın həyata keçirilməsidir. İndiyə qədər 8 mindən çox vətəndaşımız tarixi yurduna qayıdıb, 2027-ci ilə qədər bu rəqəm 140 minə qədər artacaq. Sözsüz, beynəlxalq donorların prosesə cəlb olunması vacibdir, hələlik 3 ölkə dəstək verib. Onların artması və donorların cəlb olunması çox vacibdir. Çox təəssüf ki, donor təşkilatlar tərəfindən heç də aktivlik müşahidə etmirik. Halbuki tamamilə dağıdılmış ərazilərin bərpasında beynəlxalq donorların aktiv olması çox vacibdir”. Foto: Meydan TV Deputat donor təşkilatlarının məsələyə münasibətinin ikili standartlardan xəbər verdiyi qənaətindədir: “Ərazisi dağıdılan Azərbaycandır, 30 il yurdsuz qalan azərbaycanlıların evlərinə qayıtmasını tez təmin etmək üçün aparıcı dövlətlərin donorların prosesə daha yaxından dəstəyi və humanitar məqsədlərlə sərmayə qoyulmasına ehtiyac var. Bu, ərazilərin qısa zamanda bərpasına və məcburi köçkünlərin tez qayıtmasını təmin edə bilər”. Münaqişənin tarixçəsi 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib. 2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib. Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Meydan TV

Seçilən
47
xural.com

1Mənbələr