Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində bəzi bitki növlərinin sığortası üzrə şərtlərdə dəyişiklik edilib.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, yeniliklər aqrar sığortanın əhatə dairəsinin artırılması, fermerlərə məxsus əkin sahələrinin daha düzgün və səmərəli sığortalanması, sığorta hadisəsi zamanı fermerlərə dəyən zərərlərin daha yaxşı qarşılanması məqsədi daşıyır.
Fondun İdarə Heyətinin qərarı ilə çiyələk, şəkər çuğunduru və tütün bitkisinin sığorta şərtlərində dəyişiklik edilib. Belə ki, İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Çiyələk bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri”ndə 1 hektar üzrə nəzərdə tutulan maksimal məhsuldarlıq miqdarı indiyədək olan 400 sentnerdən (40 tondan) 700 sentnerə (70 tona) qaldırılıb. Bu dəyişiklik çiyələk sahələrindən yüksək məhsuldarlıq əldə edən fermerlərin məhsulu bütünlüklə sığortalamağa imkan verəcək.
İdarə Heyətinin digər qərarı ilə “Şəkər çuğunduru bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri”nə dəyişiklik edilib. Yenilik nəticəsində sığorta məqsədləri üçün şəkər çuğundurunun minimal qiyməti 1 sentner üçün 6 AZN müəyyən edilib.
Fondun İdarə Heyətinin qərarı ilə növbəti dəyişiklik titün bitkisinin sığortasına aiddir. “Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”nə edilmiş yeniliyə əsasən sığorta məqsədləri üçün tütün bitkisinin çəkisinə olan tələblər dəyişib. Belə ki, tütün bitkisinin 1 hektardan məhsuldarlığının maksimum miqdarı 200 sentner müəyyən olunub.
Bundan başqa, “Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”nə dəyişilik edilməsi nəticəsində sığorta məqsədləri üçün tütün bitkisinin maksimum qiyməti 1 sentner üçün 30 manat müəyyən edilib.
Qeyd edək ki, 2019-cu ildə təsis edilən və 2020-ci ildə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu tərəfindən fasiləsiz olaraq monitorinqlər, araşdırmalar aparılır, fermerlərdən daxil olan müraciətlər təhlil edilir və sığorta məhsullarının şərtləri daim təkmilləşdirilir.
Xatırladaq ki, bir qədər əvvəl Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə kənd təsərrüfatı heyvanlarının sığortası tarifləri də aşağı salınmışdı.
Hazırda Aqrar Sığorta Fondu vasitəsilə 41 bitki növü üzrə 48 bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Aqrar sığorta zamanı hesablanmış sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilirlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən, “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” bölmələri vasitəsilə əldə etmək mümkündür.
Fermerlər, həmçinin Fondun “Çağrı Mərkəzinə” (1651) zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.