AZ

Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Dövlət başçısı İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bir daha bildirdi ki,  əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir
Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi  bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi. Təbii ki, bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyev hələ  bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində  Azərbaycanın uğurları fonunda qarşıdakı dövrün əsas vəzifələrini açıqlayarkən bu fikri xüsusi qeyd etdi ki,  bugünkü reallıqları  2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.
Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə cənab İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
Bu günlərdə imzalanmasının 30 iliyini qeyd etdiyimiz «Əsrin müqaviləsi»nin ölkəmizə qazandırdığı uğurların aydın ifadəsini məhz hazırda  işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində aydın görmək mümkündür. Öncə iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verildi, sonra əldə olunan gəlirlər təyinatı üzrə xərclənərək qeyri-neft sektorunun inkişafına, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldildi. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması  Azərbaycanın hazırda dünyaya təkmil iqtisadi inkişaf, həmçinin dirçəliş modelini təqdim etməsini şərtləndirir. Bunun üçün tarixi Zəfərimizdən ötən 4 ildə azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa işlərinə diqət yetirmək kifayətdir.
Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısı İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. «İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir» söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda  bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.
Qeyd etdiyimiz kimi, azad edilmiş torpaqlarımızda görülən işlər iqtisadi imkanlarımıza işıq salır. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə VII çağırış Milli Məclisin ilk iclasında «Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim» söyləyərək bəzi rəqəmləri diqqətə çatdırdı. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib. Hər ay, hər il onların sayının artacağı bildirildi.
İnfrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70 kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil.  450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi.  Enerji potensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. «Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, – həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə» bildirən cənab İlham Əliyev, eyni zamanda, diqqəti  mədəni, tarixi irsimizin qorunması üçün görülən işlərə yönəltdi. Tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən qurulub. Səkkiz məscidin inşası davam edir: «Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları, – yəni bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq, bir daha deyirəm, doğrudan da xalqımızın böyük imkanlarını göstərir və burada söhbət təkcə maliyyə vəsaitindən getmir. Bizim qurduğumuz dövlət, eyni zamanda, texniki imkanlara malikdir. Kadr hazırlığı da yerindədir. Çünki bu işləri görmək – üç min metrdən yuxarı hündürlüyü olan dağlarda qış vaxtında elektrik xətləri çəkmək, doğrudan da böyük peşəkarlıq tələb edir. Yəni, ölkəmizin potensialı budur. Biz buna hazırıq. Biz torpaqları azad edən kimi dərhal buna başlamışıq. Hətta onu da deyim ki, hələ 44 günlük İkinci Qarabağ müharibəsi bitməmişdi, biz Ağdərə rayonunda artıq yol infrastrukturunu inşa etməyə başlamışdıq. Əlbəttə ki, gələcək illərdə işlər daha sürətlə gedəcək. Yaxın vaxtlarda gələn ilin büdcəsi məclisdə müzakirə ediləcək. Əminəm ki, deputatlar hökumətin Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan planlarını təsdiq edəcəklər və biz bunu təmin edəcəyik. Təbii ki, bütün bu işləri görmək üçün iqtisadi imkanımız olmalıdır.» Çağırışlar  sırasında bu mühüm məqam da xüsusi yer tutur ki,  biz ancaq öz gücümüzə arxalanmalıyıq,  öz potensialımıza güvənməliyik.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də artıq yeni hədəflərin  müəyyənləşdirildiyini və  əvvəlki illərdə əldə olunan uğurlar əsasında  gələcəyə inamla addımladığımızı təsdiqləyir. Təhlillər əsasında Azərbaycanın daim hədəfə doğru inamla addımladığını görür və bundan böyük qürur hissi keçiririk. Cənab İlham Əliyev postmünaqişə dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində «Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı» sualını cavablandırarkən bildirmişdir ki,  mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir.  Bütün güclər də səfərbər edilib.  Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir: «Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.»
Cənab İlham Əliyev konkret tarix söyləməsə də bu günə qədər görülən işlər göz qabağındadır.  Bütün böyük infrastruktur layihələri ilə yanaşı,  əsas nailiyyətimiz odur ki, 4 şəhərə və 4 kəndə  keçmiş köçkünlər qayıtmışlar. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamları xüsusi qeyd etdi.
Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq. Hədəf bu mərhələdə 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Cənab İlham Əliyev bu əminliyi ifadə edir ki,  biz buna da nail olacağıq.
Göründüyü kimi,  ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Bu, Azərbaycan dövlətinin, xalqının daim irəli baxmasına əsaslanır. Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı.  Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. 2008-ci ildən başlanan və nəticələri  hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, həmçinin 2019-cu ilin sonlarından koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində Azərbaycanın təkmil təcrübəni nümayiş etdirməsi və ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına əsasən az itki ilə  çıxması da deyilənlərin təsdiqidir. Cənab İlham Əliyev mübarizə tədbirlərinə başlandığı gündən insanların sağlamlığının prioritetliyini önə çəkərək bu çağırışı da etdi ki, iqtisadi islahatlar daha da dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Bu faktı da qeyd etmək yerinə düşər ki, həmin dövrdə həm koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə baxmayaraq Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın icrasını davam etdirdi və 2020-ci ilin dekabrın sonunda istifadəyə verildi.
Azərbaycanın bu gün  nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olması da hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırıldığını təsdiqləyir. Hazırda iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Dövlət başçısı İlham Əliyev müşavirədəki çıxışında da Azərbaycan sabitliyin, normal biznes mühitinin mövcudluğunun yol açdığı uğurlardan da danışdı. Vurğuladı ki, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb.  Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, – Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, – yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.
Cari ilin səkkiz ayının sosial-iqtisadi göstəriciləri qarşıdakı dövrün aydın mənzərəsini yaradır. İqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. «Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni, əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, – biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir. Yəni, bu, sadəcə olaraq kiçik bir arayışdır» fikirləri ilə ölkəmizin iqtisadi inkişafını açıqlayan cənab İlham Əliyev bildirdi ki, əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. İqtisadi məsələlərə həsr edilmiş müşavirədə cənab İlham Əliyev diqqəti yenidən bu məqama yönəldərək qeyd etdi ki, indi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək. Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir: «Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır… bəlkə də bəzi borcları vaxtından əvvəl ödəmək də faydalı ola bilər. Halbuki mən bunu artıq bir neçə dəfə demişəm ki, istəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik.»
Vətəndaş amili dövlət siyasətimizin əsasıdır. Bu atılan addımlarda da özünün ayıdın ifadəsini tapır.  2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. İqtisadi məsələlərə həsr olunmuş müşavirədə söylənilən uğurlar və müəyyənləşdirilən hədəflər də sosial müdafiənin prioritetliyini təsdiqlədi. Belə ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir: «Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu yaxınlarda Azərbaycan Milli Məclisində etdiyim çıxışda bütün o rəqəmlər diqqətə çatdırılmışdır. Təkrar etmək istəmirəm, son beş il ərzində Azərbaycanda nə qədər böyük sosial islahatlar paketi reallaşdırıldı.»
Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipinin qorunması insanların rifah halının yaxşılaşdırılmasına yönələn addımlarla müşayiət olunur. Daim bu reallıq diqqətə çatdırılır ki, neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq.  Azərbaycan  nefti inkişafa çevirdi, sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu.
Neft gəlirlərindən səmərəli istifadə mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını şərtləndirir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu, eyni zamanda, Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə təsdiqlənən   «Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya  (2005-2025-ci illər)»dan irəli gələn vəzifələrin  uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.  İqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu hər zaman önə çəkən dövlət başçısı İlham Əliyev bu reallığı da xüsusi olaraq diqqətə çatdırır ki,  əməkdaşlıq və sərmayə tarixi olmadan bugünkü nailiyyətlərimiz mümkünsüz olardı. Hazırda planlaşdırılan bütün işlər  möhkəm bünövrəyə əsaslanır. Dövlət başçısı İlham Əliyev müşavirədə onu da bildirdi ki, son illərdə xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq  ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi. Ölkəmiz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyir. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və  tələb edilmişdir ki,  aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq: «Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin edilməlidir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır.»
Bu statistik rəqəm özündə əsas məqamları açıqlayır. Son 21 ilə yaxın dövrdə  ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi. Paytaxt Bakıda, regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər,  infrastrukturun tamamilə yenilənməsi və insanların həyat səviyyəsinin daha da  yaxşılaşması iqtisadi inkişafımızın göstəriciləridir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, əminliklə qeyd edə bilərik ki,  Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi həm etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində, yeni dostlar qazanmasında, həm də uzunmüddətli iqtisadi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyev sözügedən müşavirədə keçilən yolun təhlili və günün əsas çağırışlarının açıqlanması fonunda belə bir əminliyi ifadə etdi ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də  nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, bu halda  gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Dövlət başçısının qeyd etdiyi kimi,  Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Həm sosialyönümlü, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr, bütün bunlar  Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Elə etməliyik ki,  gələn il imkan daxilində bütün əsas vəzifələr icra edilsin: «Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.» Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar iqtisadi inkişafımızı daha da sürətləndirəcək.
Yeganə Əliyeva, «İki sahil»

Seçilən
21
27
arantv.az

10Mənbələr