Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır 2023” qrant müsabiqəsi çərçivəsində yaşıl siyasət, davamlı inkişaf və ölkələrin təkrar emal sistemləri mövzusunda qlobal dialoqu və əməkdaşlığı gücləndirməyi hədəfləyən “Dünya ölkələrində yaşıl iqtisadiyyata keçid: çağırışlar və imkanlar” layihəsi uğurla həyata keçirilib.
QHT.az xəbər verir ki, dörd əsas mərhələdən ibarət olan bu layihə çərçivəsində mütəxəssislər və tələbələr ətraf mühitin qorunması və gələcək nəsillərə daha təmiz bir dünya bəxş etmək üçün müxtəlif mövzular üzrə mühüm müzakirələr aparıblar. Layihənin ilk üç mərhələsində “Yaşıl iqtisadiyyat nəzəriyyəsi və onun mahiyyəti”, “Davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində Azərbaycan modeli” və “Post-modern sənayə sisteminin dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşması” mövzusunda müzakirələr təşkil olunub.
10 avqust 2024-cü il tarixində keçirilən ilk konfransda ətraf mühit siyasəti üzrə son trendlər və innovativ strategiyalar müzakirə edilib. Konfrans iştirakçıları karbon izlərinin azaldılması, bərpa olunan enerji mənbələrinin artırılması və ekoloji təmiz təcrübələrin təşviqi ilə bağlı müxtəlif yanaşmaları təqdim ediblər. İkinci konfrans 11 avqust tarixində keçirilib və davamlı inkişafın müxtəlif aspektlərini araşdırılıb. Burada Azərbaycan Respublikasında Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) çatmaq üçün ən son texnoloji və sosial innovasiyalar, eləcə də, iqlim dəyişikliyi və təmiz su təchizatı kimi qlobal problemlərin həll yolları müzakirə olunub.
12 avqustda keçirilən üçüncü konfransda dünyanın müxtəlif ölkələrinin təkrar emal sistemləri təhlil edilib. İştirakçılar ölkələrin təkrar emal sahəsində əldə etdikləri uğurlar, rastlaşdıqları çətinliklər və qlobal tullantı idarəçiliyi üçün əməkdaşlıq imkanlarını müzakirə ediblər. Layihənin dördüncü və son mərhələsi Birləşmiş Millətlər Modeli (MUN) formatında keçirilib. 18 avqustda keçirilən bu tədbir zamanı iştirakçılar dünyanın müxtəlif ölkələrini təmsil edərək yeni yaşıl idarəetmə strategiyaları və siyasətləri üzrə müzakirələr aparıblar. Diplomatik debatlar, əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində iştirakçılar davamlı inkişafın və beynəlxalq əməkdaşlığın artırılması üçün konkret təkliflər hazırlayıblar.
Yüzə yaxın gəncin iştirak etdiyi layihənin iştirakçıları sertifikatla təltif edilib.