AZ

"Bu tarix Azərbaycanı dünyaya yenidən tanıtdı" - Deputatdan AÇIQLAMA

Dünya tarixində yüzillik müharibələr, illər boyu davam edən dünya savaşları öz əksini tapıb.

Vətən eşqi ilə “Ya Qarabağ, ya ölüm!” deyərək silahlanan Azərbaycan oğullarının yazdığı 44 günlük dastan isə tarix boyu nə görülmüş, nə də eşidilmiş bir hadisədir.

Bu barədə Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu News365.az-a açıqlama verib:




“27 Sentyabr bizi tarixi zəfərə götürəcək 44 günlük müharibənin başlandığı gündür. Bu tarixdən başlayan müharibə Azərbaycanın dövlətçilik və hərbi siyasi tarixində son 200 illik güc balansını dəyişərək dövlətçiliyimizi tamamilə yeni bir mərhələyə yüksəltdi.”  

Müsahibimiz verdiyi açıqlamada bu günün əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, yüz illər belə keçsə, 27 Sentyabr 2020 tarixi hər zaman böyük qürur hissi ilə yad ediləcək.

“Vətən müharibəsi, Azərbaycan xalqını 200 il ərzində davam edən məğlubiyyətlər silsiləsindən qurtararaq qalib xalqlar siyahısına daxil etdi. Şübhəsizki, tarixi mübarizəmizdə Azərbaycanın qəhrəman övladları şəhadət şərbətini içdilər, qazi oldular, vətən uğrunda canlarından keçdilər. Onların əziz xatirəsini yad etmək üçün Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 27 Sentyabr şəhidlərimizin anım günü kimi müəyyənləşdirildi.


Bu, sadəcə təqvimdə hər hansısa bir gün deyil, çünki anım günü “xatırlamaq” sözündəndir. On illər, yüz illər keçəcək və bu tarix hər zaman Azərbaycan tarixində anım günü kimi qeyd olunacaq. Biz bu tarixdə Azərbaycan xalqının otuz il vətən həsrəti ilə çəkdiyi əziyyəti, mütləq zəfərdən sonrakı mərhələdə necə gücləndiyini, ordunun necə böyüdüyünü, Azərbaycan oğullarının 44 günlük savaşda göstərdiyi qəhrəmanlıqları xatırlayacağıq.  

Ona görə də, 27 Sentyabr milli və tarixi yaddaşımızın yenilənməsi baxımından çox mühim bir gündür.”

H.Babaoğlu açıqlamasında İlham Əliyevin VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında qeyd etdiyi fikirlər barəsində danışdı:



“Cənab İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında qeyd etdi ki, Azərbaycana münasibətdə kimin dost, kimin düşmən olduğunu müəyyən etməyin çox sadə yolu var.

Bu bizim suverenliyimizə münasibətdə özünü göstərir. Kim Azərbaycanın suverenliyini qəbul edirsə, şüphəsizki, dostumuzdur. Kim onu qəbul etmirsə, o, əlbəttə bizim dostumuz deyil. Məhz, bizim üçün regionda kimin kim olduğunu müəyyənləşdirmək, strateji diplomatiyamızı, milli siyasətimizi yenidən nəzərdən keçirib, qurmaq baxımından da biz 27 Sentyabr 2020-ci ili xatırlamalı, o tarixə diqqət yetirməliyik. Vətən müharibəsi, onun nəticələri və o nəticələrdən yaranan 20 Sentyabr 2023-cü il – Suverenliyimizin bərpası tarixini xatırlamalıyıq.

Bütün bunlar 27 Sentyabr tarixindən başladı və məğlub kimi göstərilən bir xalqı döyüşkən, qəhrəman və qalib bir xalq kimi dünyaya yenidən tanıtdı.” 


Könül Abdullayeva, News365.az

Seçilən
76
40
news365.az

10Mənbələr