Göygöldə 2 yaşlı uşaq müxtəlifdərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
“Qafqazinfo”nun məlumatına görə, azyaşlının atalığı tərəfindən döyülərək yandırıldığı iddia olunur.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər.
“Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb”, - açıqlamada vurğulanıb.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, azyaşlının vəziyyəti orta ağır olaraq qiymətləndirilir:
“2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) 27.09.2024-cü il tarixində saat 11:59-da Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qapalı kəllə-beyin travması, hər iki gözətrafı və üzün böyük həcmli hematoması, kürək nahiyəsinin II-III dərəcəli böyük ölçülü yanığı, sol çiyin nahiyəsinin hematoması və küt travması diaqnozu ilə yerləşdirilib. Həkimlər tərəfindən müayinə edilib, vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.