Xırdalan, 27 sentyabr, AZƏRTAC
Abşeron rayonunda Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin xatirəsi dərin ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar rayon ərazisində keçirilən silsilə tədbirlər çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə Xırdalan şəhərində və Saray qəsəbəsindəki Şəhidlər xiyabanını, Fəxri xiyabanda uyuyan qəhrəmanlarımızın məzarlarını ziyarət edib.
Həmçinin rayon icra hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri Xırdalan şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib, qarşısına gül dəstələri qoyublar.
Anım Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada iştirakçılar Vətən müharibəsinə həsr olunan sərgiyə baxış keçiriblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub. Daha sonra Vətən müharibəsindəki şanlı Qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətə həsr olunan videoçarx nümayiş etdirilib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən, şəhidlərimizin igidliklərindən söz açılıb.
Daha sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb, dualar oxunub.