AZ

Ermənistanla sülhə nə dərəcə yaxınıq? - HİKMƏT HACIYEV AÇIQLADI

“Artıq regionda Ermənistanın xoşməramlılığı ilə deyil, Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var. Otuz il ərzində münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticə əldə edilmədiyi üçün 2020-ci və 2023-cü illərdə biz Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını azad edən və bununla da ərazi bütövlüyümüzü bərpa edən iki hərbi əməliyyat keçirməyə məcbur olduq. Biz müharibədə qalib gəldik, indi sülhü də əldə etmək istəyirik”.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Sülhə həmişəkindən daha yaxın olduğumuzu bildirən Hikmət Hacıyev, qeyd edib ki, hələ də qarşıda maneələr var: “Birincisi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasıdır. Onun preambulası erməni dilində Qarabağın Azərbaycan ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edir. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Azərbaycanda ərazi iddialarından əl çəkərək konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi tələbi ilə səsini ucaltmalı olan erməni xalqı ilə də sülh razılaşması əldə etmək istəyirik. Sülh müqaviləsi kağız parçası deyil, Ermənistanda heç kimin bir daha Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır”.

Prezident köməkçisi əlavə edib ki, Azərbaycanda təkcə erməni siyasi qüvvəsi ilə deyil, ümumiyyətlə, onların əsas axınında geniş yayılmış revanşizm hissi ilə bağlı narahatlıq var: ““Tarixi Ermənistan” adı altında qonşu ölkələrin ərazilərinin işğalı ilə “böyük Ermənistan” yaratmaq anlayışı hələ də onların mentalitetində geniş yer tutur. Sanki bu gün Romada kimsə Roma İmperiyasının bərpa olunmasını iddia edir.

Ona görə də erməni xalqının revanşizmdən, Qarabağ iddialarından əl çəkdiyi və mümkün sülh müqaviləsini gələcəkdəki Ermənistan hökumətlərinin revizionizmindən qoruyacaq referenduma ehtiyacı var”.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın hərbiləşdirilməsi məsuliyyətli və mütənasib olmalıdır: “Məsələn, İrəvan Fransadan uzaqmənzilli raketlər və artilleriya sistemləri alır və bununla da yenidən Azərbaycan şəhərlərinə hücum edə bilər. Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı.

Müstəmləkə keçmişi olan bəzi Qərb dövlətlərinin Afrikadakı kimi, Qafqazda da öz siyasətlərinin və intriqalarının təbliği üçün Ermənistandan istifadə etməsi əks effekt verir. Məsələn, Fransa və onun hökuməti region haqqında tam anlayışa malik deyil və Avropanın da əleyhinə olacaq geosiyasi səhvlərə yol verir. Ermənistanı hərbiləşdirmək və bununla da onun revanşizminə təkan vermək sülhə kömək etmir”.

Seçilən
70
7
korrespondent.az

10Mənbələr