Çində ən yeni “Zhou” sinifli nüvə sualtı qayığı mayın sonu - iyunun əvvəlində batıb.The “Wall Street Journal”, “Reuters” və “AP”-yə mənbələr bildiriblər ki, hadisə Uhan şəhəri yaxınlığındakı gəmiqayırma zavodunda baş verib.
Nəşrlərin həmsöhbətlərinin sözlərinə görə, sualtı qayıq sonuncu dəfə may ayının sonunda Yantszı çayının sahilində dənizə çıxmazdan əvvəl təchiz olunduğu estakada görülüb. Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur. Həmçinin insident nəticəsində ölən və yaralananlar yoxdur.
“Planet Labs” tərəfindən çəkilmiş peyk görüntülərinə görə, sualtı qayığı çayın dibindən qaldırmaq üçün iyulun əvvəlində kranlar batdığı yerə gəlib. “WSJ” həmsöhbətləri deyirlər ki, gəminin batdığı zaman nüvə yanacağı daşıyıb-daşımadığı məlum deyil, lakin bu, istisna edilmir. Həmçinin fövqəladə vəziyyətdən sonra su nümunələrinin götürülməsinə dair heç bir əlamət yoxdur.
“WSJ” mənbələri bildirir ki, eyni zamanda Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) dəniz qüvvələri insidenti gizlətməyə çalışıb. Çinin ABŞ-dakı səfirliyindən “Reuters” agentliyinə bildiriblər ki, diplomatik missiya “[qeyd olunan] vəziyyətlə tanış deyil”.
"Təlim standartları və avadanlığın keyfiyyəti ilə bağlı aşkar suallara əlavə olaraq, insident ÇXAO-nun daxili hesabatlılığı və uzun müddətdir korrupsiya ilə üzləşən Çinin müdafiə sənayesinə nəzarəti ilə bağlı daha dərin suallar doğurur",-ABŞ Müdafiə Departamentindəki mənbə “WSJ”-yə deyib.
Batan sualtı qayıq Çin Dövlət Gəmiqayırma Korporasiyası (“China State Shipbuilding Corp”.) tərəfindən “Wuachang” tərsanəsində inşa edilib. Pentaqonun hesabatına görə, 2022-ci ilə kimi Çində altı nüvə enerjili ballistik raketli sualtı qayığı, altı nüvə enerjisi ilə işləyən hücum sualtı qayığı və 48 dizel mühərrikli hücum sualtı qayığı var idi. ABŞ Müdafiə Nazirliyi bildirir ki, 2025-ci ilə qədər Pekinin hərbi potensialını 65 sualtı qayığa, 2035-ci ilə qədər isə 80-ə çatdıracağı gözlənilir.
Eyni zamanda, “Reuters”-in yazdığı kimi, Çin artıq 370-dən çox gəmiyə malik dünyanın ən böyük donanmasına malikdir və yeni nəsil nüvə sualtı qayıqlarının istehsalı ilə məşğuldur.
Almaz Həsənli