107 gündür həbsdə aclıq edən iqtisadçı Fazil Qasımova aksiyanı dayandırması üçün təzyiq edilir. Bu barədə Qasımovun yaxınları bildiriblər.
“Mənə qida qəbul etmək üçün təzyiqlər olur. Hətta otaq yoldaşlarımı guya qida qəbul edirəm kimi yalan ifadə yazmağa məcbur edirlər. Amma Allah şahiddir ki, 107 gündür acam. Su və bal şirəsinden başqa heç nə qəbul etmirəm. Balı da aclıq edən məhbusların bal qəbul etməsinin qanunla nəzərdə tutulması ilə bağlı vəkilim Rövşanə Rəhimovanın araşdırmasından sonra qəbul etdim”, - sentyabrın 28-də Qasımov ilə telefonla danışan qohumu onun sözlərini çatdırıb.
Ailə üzvləri yenidən ondan aclığı dayandırmasını xahiş ediblər, lakin o imtina edib.
Eyni zamanda, Qasımov yaxınlarına bildirib ki, ölümcül aclığa baxmayaraq, intihar etmək niyyətində deyil.
“Fazil dedi ki, başına nə gəlsə bilin ki, bu, intihar deyil”, - qohumu Qasımovun sözlərini çatdırıb.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
*Bakı 1 saylı İstintaq Təcridxanasının sanitar-tibb şöbəsində saxlanılan Fazil Qasımov aclıq səbəbindən vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar iyulun 26-da Penitensiar Xidmətin sanatoriyasına köçürülüb.
O 8 avqust 2023-cü ildə İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Azərbaycanda onu tanınmış iqtisadçısı və hökumətin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham ediblər. Lakin hazırda Fazil Qasımovun cinayət işinə Qubad İbadoğlunun cinayət işindən ayrı baxılır.