AZ

Qızıl ürəkli bacının xatirəsinə

Elə bil, bilirdi həyatdan tez qopacağını...

Bəlkə də ona görə o cür yaşayırdı, vətən naminə səfərlər edirdi, görüşlər keçirirdi, yazılar yazırdı. Bir də çoxlu şəkil çəkdirirdi. İndi ondan qalan o şəkillərdir. Hər biri bir xatirədir, onun həyatının saniyə-saniyə əbədiləşmiş anlarıdır.

Qaziləri, şəhid ailələrini, mədəniyyət xadimlərini, jurnalistləri və başqa peşə adamlarını diqqətdən kənar qoymurdu. Hamının harayına çatırdı, hər kəsə yardım əli uzadırdı. Söz verdiyi müşkülü mütləq həll edirdi. Körpü başına çıxan, özünü atacağı ilə həələyərək, onun gəlməsini tələb edənlər vardı. Hamı bilirdil ki, o, gələcək və son addımı atmaq durumuna çatmış adamı xilas edəcək.

Yarım saat bir audensiyada olduğunuzda görərdiniz, telefonu susmurdu, xahiş dolu zənglər gələrdi, daha sonra o, kimlərəsə zəng edərdi, kiminsə problemini həll etməyincə dincəlməzi. Həll edəndən sonra isə məmnunluqla gülümsəyərdi.

İnsanlara yaxşılıq etməkdən, yardım göstərməkdən zövq alırdı. Həyatının mənası bu idi.

Gənclərə bir tövsiyəsi vardı: oxumaq, təhsili artırmaq öz üzərində çalışmaq, daima irəliyə, yüksəkliyə can atmaq. Yorulmağın nə demək olduğunu bilməzdi. Bizə kömək üçün müraciət edən adamların xahişini edərdik, heç soruşmazdı, kimdir, nəçidir, insanları yardım edərdi. Həm də dəfələrlə.

Onun ən sevimli xitabı “qardaş” idi, hamıya elə şirin, ürəkdən “qardaş” deyirdi ki, əminəm, o adamların doğma bacısı belə o şirinlikdə “qardaş” demir. Hamı da ona “bacı” deyirdi – eyni səmimilikdə, eyni şirinlikdə.

Türkiyədə, Qazaxıstanda, Özbəkistanda həmsöhbət olduğum adamların bir xeylisi “Sizin ölkədə bir Qənirə Paşayeva var” dediklərində “bacımdır” dediyim olurdu, elə bilirdilər, doğma bacımdır, düzəliş verirdim.

Vəfat etdiyinin 3-cü günüydü, məzarını ziyarətə getmişdik. Məzarı başında bir taqım veteran əsgər və zabit gördüm. Susqun durmuşdular, gözlərindən yaş gilələnirdi. O, qazilərin, döyüşən oğulların da bacısıydı.

Belə xeyirxah, qızıl ürəkli insanlar həyatdan tez getməməlidirlər, uzun yaşamalıdırlar, ətraflarına yaxşılıq toxumu səpə-səpə, yaxşılıq etməyin yaxşı iş olduğuna dair örnəklər verə-verə yaşamalıdırlar.

Düz bir ildir aramızda yoxdur Qənirə bacı. Ailə üzvləri, təbii ki, onu bir gün, bir saat belə unutmayıblar. Yəqin, onların xəbəri yoxdur ki, onlardan başqa, Qənirəni bir gün belə unutmayan minlərlə adam var bu ölkədə.

Adı çəkiləndə hər kəs təəssüfünü dilə gətirir, başını bulayır, “tez getdi, heyf” deyir. “Xeyirxahlıq mələyi idi” deyənlər minlərlədir.

Hələ 2020-ci ilin noyabrında, 44 günlük müharibənin başa çatmasından 5 gün sonra noyabr doğumlu jurnalistləri parlamentdəki iş otağında təbrik edərkən əmin idi ki, yaxın vaxtlarda Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq və azərbaycanlılar bu şəhərdə yaşamağa başlayacaq. “Xankəndidə ev alacam, ora köçəcəm” deyirdi. Məcburi köçkün olan jurnalistlərə xüsusi hazırlatdırdığı və siferblatına “Füzuli”, “Zəngilan”, “Şuşa”, “Ağdam” yazdırdığı saatlar bağışlamışdı.

Ürəyi vətən, millət eşqi ilə döyünürdü. Turan qızıydı. Bütün türk ellərinin sevimlisiydi. O ölkələrin hamısında dəfələrlə olmuşdu, gözəl çıxışlar etmişdi, hamının qəlbini fəth etmişdi.

Bu xalq onu çox tez itirdi. O xalqın kisəsindən getdi. Yeri boş qalıb. Adam düşünür ki, bir də dünyaya ikinci Qənirə gələcəkmi?

Minlərlə insanın doğma bacı qədər sevdiyi və vəfatının ildönümündə belə göz yaşı ilə xatırladığı insan dünyada az-az tapılar.

Elə bil, o bilirdi həyatdan tez gedəcəyini. Bəlkə ona görə bütün ömrünü həyatının son günü kimi yaşadı, heç kimsəni incitmədi, qəlb qırmadı, hər kəsə təsəlli, toxtaqlıq, ürək-dirək, sevgi verdi.

Fəqət belə ömür yaşamağın yeganə minusu odur ki, o, vaxtsız vəfatı ilə sevənlərinə böyük acı yaşatdı. Düz bir ildir ki, minlərlə insanın qəlbində bu itkinin acısı, göynəyi var.

P.S. Daha hündür bir yerə çıxıb özünü atacağı ilə hədələyənlər yoxdur, bilirlər ki, Qənirə Paşayeva köməyə gələ bilməyəcək. Çox kədərli...

 

 

Seçilən
22
2
musavat.com

3Mənbələr