AZ

Rusiyadan Azərbaycana dərslik iradı – Bu hardan çıxdı?

“Postsovet məkanının əksər ölkələrinin tarix dərsliklərində Rusiya ilhaq edilmiş ərazilərin xalqlarına zülm edən müstəmləkəçi dövlət kimi təqdim olunur”.

“Yeni Müsavat” xəbər verir ki, bu qənaətə Rusiya Elmlər Akademiyasının (REA) İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun əməkdaşları gəliblər.

Tədqiqatçıların arayışında bildirilir ki, həmin dərsliklərdə xüsusilə də Rusiyanın işğal olunmuş ərazilərdəki xalqlara zülm edən, onların mədəniyyətinə xələl gətirən müstəmləkəçi dövlət olduğu yazılıb. REA hesab edir ki, belə bilgilər gələcəkdə Rusiyaya qarşı mənfi münasibətin formalaşmasına, ksenofobiyanın və rusofobiyanın artmasına rəvac verə bilər.

Arayışda həmçinin bildirilir: “Müəyyən edilib ki, 8-ci siniflər üçün Qazaxıstanın tarixi dərsliklərində Rusiya İmperiyası Qazaxıstandan hərbi və iqtisadi maraqları üçün platforma kimi istifadə etməyə çalışan ölkə kimi təsvir olunur. Azərbaycanda isə sovet hakimiyyətinin qurulması hərbi işğal, ardınca xalqa zülm edilməsi kimi qələmə verilir. Ölkənin müasir dərsliklərində habelə Qarabağ münaqişəsinin yaradılmasında Rusiyanın rolu vurğulanır. Özbəkistanın DİN Akademiyasının tələbələri üçün tarix dərsliyində də Orta Asiyanın Rusiya imperiyası tərəfindən ilhaqının Özbəkistanın həm milli kimliyinə, həm də iqtisadiyyatına ziyan vurduğu qeyd edilir”...

Özümüzə aid iraddan başlayaq. İndi bu hardan çıxdı görəsən?

Əvvəla, insaf naminə qeyd eləməliyik ki, əgər Şimali Azərbaycan Rusiya imperiyanın tərkibinə xanlıqlar kimi girmişdisə, oradan dövlət, respublika kimi çıxıb. Yəni inkişaf tapıb. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC, 1918-1920) necə, hansı şəraitdə süqut etməsini necə danmaq olar? XI “Qırmızı ordu” bir mifmi, yoxsa?

Yaxud AXC-nin Rusiya hərbi təcavüzü nəticəsində öz varlığını dayandırmasıdan (aprel, 1920) cəmi 6 ay sonra (noyabr, 1920) Qərb Zəngəzurun bolşevik Rusiyası tərəfindən Azərbaycandan qoparılaraq Ermənistana bağışlanması və nəticə etibarilə Naxçıvanın eksklav duruma düşməsi. Ondan təxminən 3 il sonra (iyul, 1923) isə yenə Moskvanın rüsxəti ilə Azərbaycan SSR ərazisində heç bir əsas olmadan (!) DQMV adlı süni qurumun yaradılması, daha dəqiqi dövlətçiliyimizn altına “gec partlayan mina”nın qoyulması. Altını hələ də çəkirik...

Bunları bizim böyüyən və yeni nəsillərimiz bilməli deyil? Yeri gəlmişkən, rəsmi Moskva hələ də Nikol Paşinyanın Ermənistanın Qarabağı Azərbaycan ərazisi hesab etməsi haqda məlum bəyanatını ona bağışlaya bilmir. Rusiya narazıdır ki, “bununla Paşinyan Qarabağ məsələsini Azərbaycanın xeyrinə qapadıb”.

Məgər qapanmalı deyildi bu, on illərlə qan verən konflikt? Niyə Moskvada xoş sonluqdan dilxor olurlar? Qısası, “xoruzun qırmızı quyruğu” məsələsi.

Bu məqamda Prezident İlham Əliyevin ötən həftə Milli Məclisdə etdiyi çıxışda bir sitatı xatırlatmaq yerinə düşər: “Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır”...

Doğru, Rusiya bizim böyük qonşumuzdur. Onunla normal əlaqələr qurub dinc-yanaşı yaşamağı bizim milli maraqlar diktə edir və edəcək. Azərbaycanda rus dilinə, rusca təhsilə, rus mədəniyyətinə verilən dəyər də öz yerində - hansını ki, Prezident V.Putin dəflərlə təqdir edib, başqa ölkələrə örnək kimi göstərib.

Və rus amilinə belə həssasiyət heç də Rusiyadan çəkindiyimizə görə deyil. Sadəcə, tolerant xalqıq, müasir millətik, multikultural dövlətik. Fəqət, ikitərəfli əlaqələr naminə yaxın və orta tariximizi saxtalaşdırmağı da ağlımızdan keçirmirik. Hətta buna getsək belə, dünya tarix mənbələri necə olsun bəs? Onlar ki, hər zaman gerçəyi deyəcək.

Odur ki, icazə verin öz tariximizi balalarımıza olduğu kimi öyrədək. Həm də ona görə ki, əlahəzrət həqiqətdən hələ heç kim ziyan görməyib. Dərman acı da olsa, müalicə edər...

Siyasət şöbəsi,
Musavat.com

Seçilən
61
1
musavat.com

2Mənbələr