Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha ilə görüşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə tərəfdaşlıq imkanları müzakirə olunub. Nazir Ceyhun Bayramov ölkəmizin hər zaman qardaş, dost ölkələr ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini, bu baxımdan İƏT çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində hər zaman hazır olduğumuzu diqqətə çatdırıb. Azərbaycanın İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsində əməkdaşlığa, İƏT-in fəaliyyətinin gücləndirilməsinə verdiyi töhfələr məmnunluqla qeyd edilib. Ölkəmizin COP29 sədrliyi çərçivəsində görülən hazırlıq işləri, aparılan danışıqlar prosesi, sədrlik prioritetləri və təşəbbüslərimiz barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə səylərinə maliyyə resurslarının cəlb olunmasına fokuslandığını bildirib. İƏT ölkələri üçün, həmçinin iqlim dəyişikliyi təhdid ilə mübarizənin əhəmiyyətini nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.