AZ

Dinamik inkişaf modeli

“Sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə iqtisadi məsələlərə həsr olunmuş müşavirədə müzakirə edilən əsas məsələlər iqtisadiyyatın daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu məsələlərin əsas hədəf olduğunu xüsusi vurğuladı”.Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də gələn il lazımi səviyyədə olacaq. “Prezident İlham Əliyev vacib məsələlərdən biri kimi, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyini bildirdi. Sabitlik və proqnozlaşdırılan vəziyyət, müsbət sərmayə qoyuluşu prosesi və investisiyaların adambaşına düşən həcminə görə Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasına əlverişli zəmin yaranıb. Bununla belə, xarici investorların ölkəmizə olan münasibətinin daha da yaxşılaşmasına Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi faktoru da böyük təsir göstərib. Vətən müharibəsində əldə olunmuş parlaq Qələbə, eləcə də ötən ilin sentyabr ayında keçirilmiş antiterror tədbirlərinin nəticələri bütün investorlara müsbət siqnal göndərmişdir və biz, dövlət başçımızın qeyd etdiyi kimi, bunun bəhrəsini indi görürük. Bakı və Sumqayıt kimi ənənəvi sənaye məntəqələri ilə yanaşı, indi azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir”.
K.Qafarov daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin ölkənin xarici borcunun azalması ilə bağlı təqdim etdiyi açıqlamalar respublika iqtisadiyyatının dinamik inkişaf etdiyini bir daha təsdiqləyir: “Məlumdur ki, hər bir ölkənin xarici borcunun ümumi daxili məhsula nisbəti iqtisadi inkişafın mühüm göstəricilərindən biridir. Bu baxımdan Azərbaycanın dünya miqyasında qabaqcıl ölkələr sırasında olması iqtisadiyyatımızın dayanıqlı və dinamik inkişafından xəbər verir. Dövlət başçısı ölkəmizdə xarici borcun ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil etdiyini diqqətə çatdıraraq bildirdi ki, bu hal gələcəkdə daha az vəsaitin xarici borcun qaytarılmasına sərf edilməsinə imkan yaradır. Cənab İlham Əliyev gələn ilin əsas xərclərinin, ilk növbədə, ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrlə bağlı olacağını diqqətə çatdırdı. Azərbaycan öz resurslarına arxalanan güclü və müstəqil iqtisadiyyata sahibdir ki, bu da ölkəmizin müstəqil xarici siyasət aparmasına imkan verir”.

Seçilən
9
15
sesqazeti.az

10Mənbələr