AZ

Azərbaycan alimi Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin fəxri professoru seçilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə bağlı keçirilən “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidir” adlı elmi-praktik konfransda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. Professor Mahirə Hüseynova konfransda çıxışında ADPU-nun Qafqazın ən qədim pedaqoji təhsil müəssisəsi olduğunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı vurğuladığı Azərbaycan-Özbəkistan dostluq münasibətlərini xatırladıb. O, həmçinin Cizzak Dövlət Pedaqoji Universitetinin Özbəkistanın təhsil sahəsində qazandığı uğurlardan bəhs edərək bu universitetin regionda təhsilin inkişafına böyük töhfə verdiyini qeyd edib.

Konfransda, həmçinin professor Mahirə Hüseynovaya Cizzak Dövlət Pedaqoji Universitetinin fəxri professoru adı verilməsi ilə bağlı diplom təqdim edilib.

Müxtəlif bölmələrdə işini davam etdirən konfransda dosent Könül Səmədova Avropa və türk dünyasının təhsil sistemlərinin təcrübələrinin Azərbaycanda tətbiqi məsələlərinə dair mühazirə ilə çıxış edib.

Səfərin ikinci günündə prorektor Mahirə Hüseynova ilə Cizzak Dövlət Pedaqoji Universitetinin rektoru Şövkət Şərifov arasında keçirilən görüşün yekununda memorandum imzalanıb. Bundan əlavə, Mahirə Hüseynova Cizzak Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş keçirib. Tələbələr qarşısında elmi mühazirə ilə çıxış edən alim öz yaradıcılığına aid şeirlərdən də parçalar səsləndirib. Onun sözlərinə bəstələnmiş “Əsr Türkün əsridir” adlı mahnısı da auditoriyada səslənib və tələbələr tərəfindən maraqla qarşılanıb.

 

Seçilən
54
azertag.az

1Mənbələr