“Müəllimlərin də hüquqları müdafiə olunmalıdır”.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov VII çağırış parlamentin payız sessiyası üzrə ilk plenar iclasında çıxışı zamanı deyib. S.Novruzov əlavə edib ki, “Hərə əlinə bir telefon götürüb müəllimi çəkir. Müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədirlər. Ola bilər ki, müəllim hansısa ifadəni düz işlətmir, amma onun hüquqları müdafiə olunmalıdır”.
Qeyd edək ki, bu gün məktəblərdə telefonlardan istifadəyə qadağa yoxdur və şagirdlərin əksəriyyətində mobil telefon var.
Ümumiyyətlə, şagirdlərin mobil telefonlardan istifadəsinin vacib olduğunu hesab edənlərlə yanaşı, bunun lazımız olduğunu düşünənlər də var. Bir qrup belə düşünür ki, məktəblərdə tədris yüksək səviyyədə təşkil olunmadığına görə şagirdlər repetitor yanına, kurslara getməli olurlar və bu zaman valideynlə əlaqə saxlamaq üçün telefon vacibdir. Digər qrup isə hesab edir ki, əksinə, mobil telefondan istifadə şagirdlərin təhsildən yayınmasına gətirib çıxarır.
Ümumiyyətlə, hazırda məktəbdə şagirdlərin mobil telefondan istifadəsi qanunla necə tənzimlənir?
Təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”a bildirib ki, telefona şagirdlərin müəllimləri çəkmək, yaxud da onları sosiallaşdırması, ictimailəşdirməsi gözü ilə baxılmamalıdır:
“Telefon şagirdi tədris prosesindən ayırır. Yəni, məsələyə bu baxımdan yanaşılmalıdır. Mən çox sevinərdim ki, bizim millət vəkilləri belə məsələlərə üstünlük verməkdənsə, əsas məsələdən danışsınlar. Müstəqilliyimizin 33 illiyini qeyd edəcəyik, ancaq Azərbaycan ümumtəhsil məktəblərinin fərdi nizamnaməsi yoxdur.
Bütün proseslər hüquqi sistem üzərində qurulmalıdır. Əgər nizamnanə olarsa, açıq qeyd olunacaq ki, məktəbə şagirdlərin “ağıllı telefon” gətirməsi yolverilməzdir. Beləliklə, birmənalı şəkildə bu məsələ öz həllini tapar”.
Ekspertin fikrincə, nizamnamə qəbul olunana qədər hər məktəbin Pedaqoji Şurası tədris prosesi dövründə telefon gətirilməsinin yolverilməz olduğu barədə qərar qəbul edə bilər:
“”Şagird məktəbə telefon gətirib müəllimi, yoldaşını çəkir” demək pedaqoji yanaşma deyil. Bunu hamı, valideyn, məktəb də yaxşı bilməlidir ki, telefon şagirdi tədris prosesindən ayrı salır.
Şagirdin istər fərdi nailiyyətlərinə, istər tədris proseslərini mənimsəməsinə mənfi təsir göstərir, onun qarşısını alır. Bu baxımdan, “ağıllı telefonların” məktəbə gətirilməsi qadağan olunmalıdır. Eyni zamanda, bu qaydanı yerinə yetirənlər üçün mükafat, yetirməyənlər üçün cəza tədbirləri tətbiq edilməlidir.
Ən yaxşı cəza sistemi o olardı ki, məktəblərdə müsadirə olunan telefonlar sahə müvəkkilini dəvət etməklə polisə təhvil verilsin və yaxud da məktəbə o səlahiyyət verilsin ki, telefonu sahibinə qaytarmasın. Yaxud da cərimə sistemi tətbiq olunsun. Ancaq 33 ildir ki, biz nizamnamə qəbul edə bilmirik. Heç olmasa, Pedaqoji Şuraların qərarına əsasən telefon gətirən şagirdlə bağlı tədbir müəyyən edilməlidir.
Dünyanın iki nömrəli təhsil sistemi Yaponiyadadır və burada valideynin vəzifəsi tədris prosesi başlayana 3 ay qalana qədər övladını məktəbə piyada və yaxud ümumilikdə gedib gəlməyi öyrətməkdir.
Ekspert valideynlərin “Məktəbdə dərs keçilmir, övladım məşğələyə gedir, ona görə telefon verirəm” fikri ilə razılaşmayıb:
“Bu, valideynlərin yalanıdır. Bu gün övladlarının tərbiyəsini birinci növbədə pozan yalan danışan valideynlərdir. Ona görə də hər şeyi məktəbin, müəllimin üzərinə yıxmaq olmaz. Bu, sadəcə bəhanədir”.