Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitinaradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası təsdiqlənib. 1news.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qeyd edilib ki, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin aşağıdakı növləri vardır: 1. qəza-xilasetmə və digər təxirəsalınmaz işlər; 2. təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi; 3. ilkin zəruri təmir-bərpa işləri; 4. ictimai asayişin qorunması; 5. əhalinin təxliyəsi və daimi məskunlaşdırma məsələləri həllini tapanadək müvəqqəti sığınacaqla təmin edilməsi; 6. sanitariya-gigiyena tədbirləri və epidemiya (epizootiya) əleyhinə tədbirlər; 7. ərazilərin və su tutumlarının (rezervuarlarının) zərərsizləşdirilməsi; 8. əhalinin ilkin həyat təminatı üçün tədbirlər; 9. xəbərdar etmə və maarifləndirmə. Bu Qayda “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb və sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydasını müəyyən edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərər çəkmiş şəxslərə kömək göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Qanuna, bu Qaydaya və digər normativ hüquqi aktlara uyğun olaraq, yaranmış fövqəladə mühitin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.