Qəbələ, 30 sentyabr, AZƏRTAC
“Əlillərə Dəstək” Xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan “Fiziki məhdudiyyətli uşaqların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində Qəbələdə həyata keçirilən tədbirlərdə müraciətlər əsasında 30 nəfər fiziki məhdudiyyətli uşaq və valideynləri (qəyyumları) üçün hüquqi yardım göstərilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşan və iki aydan çox davam edən layihənin tədbirlərində, ümumilikdə, 300-dək şəxs iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən məlumat verilib.
Bildirilib ki, layihənin başa çatması münasibətilə mərkəzdə keçirilən yekun tədbirdə layihə rəhbəri Anar Məhərrəmov layihənin məqsəd və vəzifələri barədə məlumat verib, dövlətimizin fiziki məhdudiyyətli uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edib, regionda fiziki məhdudiyyətli uşaqların hüquqlarının müdafiəsi və təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Ekspert Ümidvar Həsənov layihənin önəmi, bu sahədə dövlətimizin qoşulduğu beynəlxalq konvensiyalar və təşkilatlar, hüquqi bazanın möhkəmləndirilməsi, QHT-lərin bu sahədə gördüyü işlər barədə təqdimatla çıxış edib.
Layihənin hüquqşünası, vəkil Nadirşah Şirinov Azərbaycan Respublikasının qanunvericiliyi, bu sahədə qəbul olunmuş hüquqi aktlar barədə məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, müraciətlərə əsasən hüquqi yardım göstərilib.