AZ

Prezidentdən VACİB MESAJ - "Səbrsizliklə gözləyirlər..." 

 Partiya sədri: ""Məcburi köçkünlər evlərinə qayıtmaq istəmirlər" təbliğatını aparanlar nəticə çıxarsınlar"

“Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük”. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında bildirib.

“O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əslində bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik.

Üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşında söyləyib.

Dövlət başçısı XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb.

“1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.


Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirib ki, cənab Prezidentin bu fikirləri reallığın ifadəsidir, eyni zamanda “Məcburi köçkünlər öz torpaqlarına geri qayıtmaq istəmirlər, Bakıya öyrəşiblər...” təbliğatını aparanlara mesaj kimi də qəbul edilməlidir: ""Qarabağlılar-məcburi köçkünlər torpaqlarına geri qayıtmaq istəmirlər” kimi danışanlar əvvəllər də var idi. Biz bu cür zərərli fikriləri cəmiyyətə yayanlara qarşı həmişə mübarizə aparmışıq. O cür danışanlar ya məcburi köçkünlərin vəziyyətindən, əhval-ruhiyyəsindən xəbəri olmayan insanlardır, ya da qəsdən hansısa dairələrin sifarişi ilə cəmiyyətə, ictimai rəyə yanlış rəy yeridirlər. İkinci ehtimal daha çoxdur. Müəyyən xarici mərkəzlər var ki, Azərbaycan cəmiyyətində fikir qarşıdurması, daxili gərginlik yaratmağa çalışırlar. Qarabağ Azadlıq Təşkilatı olaraq daim məcburi köçkünlərin içərisində olurduq və onlarla apardığımız söhbətlərdə də əmin olurduq ki, qeyd edilən təbliğat tamamilə əsassızdır. Prezidentin dediyi kimi, Qarabağ camaatı 30 il ərzində hər an öz torpaqlarının azad olunduğu günü və evlərinə geri qayıdacaqları zamanı gözləyiblər. Özü də bu günləri yaşayacaqlarına həmişə inanıblar.

Torpaqlarımız azad edildikdən sonra nəinki ömrünün bir hissəsini həmin torpaqlarda yaşamış qarabağlıların, həmçinin o torpaqlar işğalda olduğu zaman dünyaya göz açmış qarabağlıların öz ata-baba yurdlarına necə sevgi ilə üz tutduqlarının şahidi olduq. Həmin insanların dağıdılmış evlərinin divarlarını necə qucaqladıqlarını, torpağı öpdüklərini nümayiş etdirən yüzlərlə təsirli videoları bütün cəmiyyət izlədi və bu gün də izləyir. Bu gün insanlar həvəslə öz evlərinə köçürlər. Hələ evləri hazır olmayan qarabağlılar isə doğma yurda köçməyi səbirsiliklə gözləyirlər. Hətta bizə çoxlu sayda insanlar müraciət edirlər ki, hökumətdən razılıq alın, bizə şərait yaradılsın, gedək tezliklə öz evimizi tikək və nə qədər mümkündür tezliklə köçək evimizə. Biz bu yay dövründə Şuşada, Laçında olduq və oraya köçmüş sakinlərlə görüşdük. Onlar deyirlər ki, elə bil dünyaya yeni gəlmişik. Özlərini çox xoşbəxt hiss edirlər. Ona görə də mən hesab edirəm ki, cənab Prezidentin bu açıqlaması təsadüfi deyil, həm reallığın dilə gətirilməsidir, həm də mesajdır. Zərərli təbliğatı aparanlar cənab Prezidentin sözlərindən nəticə çıxarsınlar"./ Musavat.com


Seçilən
24
2
referans.az

3Mənbələr