AZ

Siyasi müstəqillik üçün fundamental amil

Qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalara baxmayaraq, Azərbaycanın iqtisadi potensialının davamlı şəkildə artırmağı həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

Cənab Prezident İlham Əliyevin öz çıxışlarında vurğuladığı kimi, bu, Azərbaycanda aparılan iqtisadi islahatların və iqtisadi sahəyə verilən xüsusi diqqətin nəticəsidir ki, iqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın siyasi müstəqilliyi üçün fundamental amil rolunda çıxış edir.  İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. İqtisadi müstəqilliyinin təmin olunması ölkəmizin siyasi müstəqilliyinə, beynəlxalq miqyasda nüfuzunun artmasına müsbət təsir göstərib. Bunun nəticəsidir ki, Azərbaycan dünyada milli maraqlarının keşiyində qətiyyətlə dayanan, öz hesabına yaşayan ləyaqətli ölkə kimi tanınır və heç bir xarici güc ölkəmizlə diktat dili ilə danışa bilməz.  

Sentyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş və iqtisadi inkişafa həsr olunmuş müşavirədə müzakirə edilən əsas məsələlər iqtisadiyyatın daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi ilə bağlı idi. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu məsələlərin əsas hədəf olduğunu xüsusi vurğuladı. Eyni zamanda Cənab Prezident vacib məsələlərdən biri kimi, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyini bildirdi. Azərbaycanda mövcud olan sabitlik və proqnozlaşdırılan vəziyyət, uzun illərdir davam edən müsbət sərmayə qoyuluşu prosesi, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasına əlverişli zəmin yaradıb. Bununla belə, xarici investorların ölkəmizə olan münasibətinin daha da yaxşılaşmasına Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi faktı da böyük təsir göstərib.  

Prezident İlham Əliyev ölkəmizdə xarici borcun ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil etdiyini diqqətə çatdıraraq bildirdi ki, bu hal gələcəkdə daha az vəsaitin xarici borcun qaytarılmasına sərf edilməsinə imkan yaradır. Dövlətimizin başçısı gələn ilin əsas xərclərinin, ilk növbədə, ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrlə bağlı olacağını da diqqətə çatdırdı. Azərbaycan öz resurslarına arxalanan güclü və müstəqil iqtisadiyyata sahibdir ki, bu da ölkəmizin müstəqil xarici siyasət aparmasına imkan verir.  

 Mətanət Səfərli  

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Seçilən
42
2
adalet.az

3Mənbələr