Asiya İnkişaf Bankı (AİB) bu gün Azərbaycana dəmir yolu sistemini rəqəmsallaşdırmağa, ölkənin dəmir yolu şəbəkələrinin təhlükəsizliyini, etibarlılığını və səmərəliliyini artırmağa dəstək üçün 47 milyon dollarlıq krediti təsdiqləyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Layihə, həmçinin “Azərbaycan Dəmir Yolları”nın əsas proseslərinin, o cümlədən dəmir yolu nəqliyyatının idarə edilməsi, aktivlər, investisiya planlaşdırması və idarə edilməsi, eləcə də müştəri məlumatlarının emalı sisteminin və korporativ funksiyaların rəqəmsallaşdırılmasını dəstəkləməyə yönəlib.
“Modernləşdirilmiş və rəqəmsal dəmir yolu sistemi Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarını Qafqaz və Avropa ilə əlaqələndirməkdə Azərbaycanın əsas rolunu dəstəkləyəcək. Biz Azərbaycana ticarət və əlaqə mərkəzi kimi güclü potensialını maksimum dərəcədə artırmağa kömək edəcək bu təşəbbüsü dəstəkləməkdən məmnunuq”, - deyə bankın Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildə AİB-ə qoşulandan sonra bank nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.