Azərbaycan Ermənistandan hər mənada güclüdür, bu reallığı qəbul eləməliyik.
Teleqraf.com xəbər verir ki, bunu erməni kilsəsinin Vatikandakı nümayəndəsi, arxiyepiskop Xajak Parsamyan deyib.
Erməni din adamı açıqlamasında Qarabağla bağlı təxribatçı fikirlər səsləndirsə də, Ermənistanın Azərbaycana niyə məğlub olması ilə bağlı etirafı ilə də diqqət çəkib:
“Səsin güclü olanda eşidilir, zəif olanda yox. Yəni güclü olmaq lazımdır. Realist olmalıyıq, bu gün Azərbaycan hər mənada qüdrətlidir. Bu 25 ildə çox yaxşı diplomatlar yetişdiriblər, çox aydın strategiyaları var və onu həyata keçirirlər. Ona görə də qəbul edilməlidir ki, bugünkü Azərbaycan 30 il əvvəlki kimi deyil”.
Parsamyan qondarma soyqırımı ilə bağlı absurd iddialar səsləndirsə də, Türkiyə ilə sərhədlərin açılmasının önəmli olduğunu da söyləyib:
“Ermənistan üçün azad bazarın olması çox vacibdir, çünki yalnız bir yerdən (Rusiya nəzərdə tutulur – red.) asılı olmaq yaxşı deyil. Azad bazar iqtisadiyyatı güclü edir və ölkənin iqtisadiyyatı güclü olanda başqa məsələlərin həlli üçün daha çox imkanlar yaranır. Mən hesab edirəm ki, Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir”.
Din adamı qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, “soyqırımı məsələsi”ni kənara qoymalıdır:
“Demək lazımdır ki, bu münasibətlər zamanı o məsələni bir kənara qoyub söhbətimizi başqa məsələlərlə davam etdirməliyik.
Düşünürəm ki, türklərlə əlaqələr qurulanda onlarla əlaqələr almanlar, italyanlar və digərləri ilə müqayisədə xeyli asan olacaq, çünki təcrübə çoxdur. Əsrlərdir bir yerdə yaşamışıq. Məncə qorxmağa ehtiyac yoxdur”.