Yazımın qəhrəmanı Naxçıvan şəhərində doğulub böyüsə də, onun ata-ana yurdu Culfa rayonunun Ərəfsə kəndidir. Hər dəfə kəndimizə gələndə girişdə quraşdırılmış şəhidimizin şəklinə diqqətlə baxır, qürur və fəxr hissi ilə anıram. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Bu mənzərəni gördükcə şəhidimizin ailəsinin görüşünə tələsmək istəyimdə günü-gündən artırdı. Söhbət 2023-cü il 19 sentyabrda Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı zamanı qəhrəmancasına vuruşub şəhid olan baş leytenant İbrahim Qasımovdan gedir.
Ərəfsə kəndi Ermənistanla sərhəddə yerləşir. Burada yerləşən hərbi hissə və postlar İbrahimin lap elə uşaqlıqdan diqqətindən yayınmırdı. O, hərbçiləri görəndə böyük hörmət edər, sevgi göstərərdi. Ailəsi onun hərb sənətinə olan marağını hərbçilərə göstərdiyi sevgisində görsələrdə heç də düşünməzdilər ki, bu şərəfli peşə gələcəkdə İbrahimin seçimi olacaq…
Səmimi, qayğıkeş və mehriban xarakteri ilə seçilən İbrahimin anasına dediyi söz indi bu evdə dastana çevrilib: “Ana mən sizə qurban olaram”. İbrahim təkcə, ailəsinə deyil, onun sözünün əsas qayəsində Vətənə qurban olmaq var imiş… Niyyətin hara, mənzilin ora şəhidim!
Tale insanı yarandığı gündən izləyir, - deyirlər. Məhz İbrahimin talehinə də vətən üçün canını fəda edib, xalqının qəhrəmanı olmaq yazılıbmış…
1992-ci il yanvar ayının 29-da Əliabad qəsəbəsində anadan olan İbrahim ailəsinə bağlı, vətənpərvər gənc olaraq böyüyür. O, orta məktəb illərində də müsbət xüsusiyyətləri ilə digər uşaqlardan fərqlənir. Onun haqqında söhbət açan müəllimləri İbrahimi “dərin düşüncəli, müdrik, idmanla məşğul olmağı çox sevən” şagird olaraq xatırlayırlar. Orta məktəbi fərqlənmə ilə bitirən İbrahim Azərbaycan Kooperasiya Universitetinə qəbul olaraq mühasibat uçotu ixtisası üzrə təhsil alır. Təhsilini başa vurduqdan sonra bir müddət müxtəlif sahələrdə çalışsa da, hərbçi olmaq üçün sənətlərini hazırlayaraq müraciət edir. Tezliklə arzusuna çatan İbrahim "Ehtiyat zabit hazırlığı" kursuna göndərilir. O, kursu bitirib leytenant rütbəsi alaraq vətənə ilk xidmətinə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə başlayır. Onun əsas istəyi isə torpaqlarımızı azad görmək idi. O, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq düşməni torpaqlarımızdan təmizləyən igidlərimizdən biri olur. O, Vətən torpaqlarını işğaldan azad edib üçrəngli bayrağımızı sancmaq şərəfinə də nail olur. Bu xidmətləri qarşısında İbrahim "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunur. 2021-ci ildə Naxçıvana qalib ordunun zabiti kimi qayıdan İbrahim ana-atasının xeyir-duası ilə sevdiyi ilə toy edib, ailə həyatı qurur. Bir il sonra onun sevgi payı, Malik adlı oğlu dünyaya gəlir. Həmin ili baş leytenant rütbəsinə yüksələn İbarhim "Komando" kursuna göndərilir. O, kursu başa vurub işğaldan azad olunan torpaqlarımızda xidmətinə davam edir. 2023-cü il sentyabr ayında məzuniyyətə çıxıb, Naxçıvana gələn İbrahim övladının doğum gününü ata-anası ilə birgə keçirir. Elə məzuniyyətin ilk günlərində təcili xidmət etdiyi bölgəyə çağrılan İbrahimin son sözü “Ana, vətəni qorumağa getməliyəm...” olur. Vətənin dar gününə çatan İbrahim Müzəffər Ordumuzun sentyabrın 19-dan 20-ə keçən gecə erməni yaraqlılarının qeyri-qanuni silahlı dəstələrinə qarşı apardığı antiterror əməliyyatında iştirak edir. Düşmən yenə də məğlubiyyətə uğrayaraq, ağ bayraq qaldırmağa məcbur olur. Qələbəni həmin dəqiqə ana-atası ilə paylaşan İbrahim talehin ona hazırladığı son sevinc olduğundan xəbərsiz idi. Valideynləri “ ehtiyatlı ol, oğlum”,-sözlərinə son cavabı isə “Mən dəmir kimiyəm, mənə heçnə olmaz”, olur. Düşmən hücumunun qarşısını alan qəhrəman atılan son mərmi ilə həyata gözlərini əbədi yumur. Əzmi və rəşadəti ilə ən ali məqama yüksələn baş leytenant İbrahim Qasımov Naxçıvan şəhər qəbiristanlığında dəfn olunur.
Vətənə xidmətlərində şəxsi igidlik göstərib, hərbi hissə qarşısında qoyulan tapşırıqları qüsursuz yerinə yetirdiyinə görə şəhid baş leytenat İbrahim Qasımov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.
Şəhidimizin atası Malikəjdər əmi deyir ki, “Mən bu gün oğlumla qürur duyuram, çünki o bütün arzularını həyata heçirdikdən sonra ali məqama yüksəlib. O, xidmət etdiyi ordunun qalib zabiti olmağı hər şeydən çox istəyirdi, istəyinə də çatdı. Əminəm ki, İbrahimin ruhu şaddır”.
Bəli, amal, məqsəd ulu olduqda gedilən yol da ali olur. Vətənini çox sevib, onun uğrunda canını fəda edən İbrahim kimi bütün şəhidlərimizin ruhları şaddır. Onlar vətəni qoruyub, bütövləşdirib bizlərə əmanət qoydular. Bu əmanətə sahib çıxan bizlərsə, şəhidlərimizi unutmayacaq, vətənimiz üçün lazım gəldikdə isə onların yol yoldaşı olmaqdan çəkinməyəcəyik!
Səriyyə Salahova,
Naxçıvan televiziyasının əməkdaşı