Sumqayıt, 1 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Polşanın Belostok şəhərinin meri Tadeuş Truskolyaski Sumqayıtın 75 illiyi ərəfəsində şəhərə səfər edib. Qeyd edək ki, Sumqayıt və Belostok şəhərlərini 2013-cü ildən qurulan dostluq telləri bağlayır.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Belostok şəhərinin meri ilə görüşüb. Bildirilib ki, Sumqayıtın 15 ölkəni əhatə edən 20-dən çox şəhərlə dostluq və tərəfdaşlıq münasibətləri var.
Sumqayıt və Belostok arasında mədəni, iqtisadi və sosial sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsinin və yeni layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Sumqayıt və Belostok arasında gələcək əməkdaşlıq üçün geniş imkanlar olduğu vurğulanıb.
Sonra qonaqlar Sumqayıt şəhəri ilə yaxından tanış olublar. Onlar şəhər stadionuna, Heydər Əliyev Mərkəzinə, şahmat məktəbinə və şəhərin parklarına baş çəkiblər.
Daha sonra Sumqayıtın Muğam Mərkəzində konsert proqramı təşkil olunub.