AZ

Frank De Blekere Elçin Məsiyevin qərarlarını şərh etdi

Hakimlər Komitəsinin sədri Frank De Blekere Premyer Liqanın 8-ci turunun “Neftçi” – “Sumqayıt” matçındakı mübahisəli epizodları şərh edib.

Arena.az xəbər verir ki, belçikalı mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Frank de Blekere 55-ci dəqiqədə Kilan Lebonun epizoduna və 63-cü dəqiqədə Yuri Matiasla Roy Kehat arasında baş verənlərə aydınlıq gətirib:

“Neftçi”nin oyunçusu Kilan Lebon meydanın özlərinə aid hissəsində “Sumqayıt”ın futbolçusu Roy Kehatın formasını tutur. Tutma anında “Sumqayıt”ın futbolçusu “Neftçi”nin üç oyunçusunun əhatəsindədir. Nəticə olaraq perspektivli hücum dayandırılmır və sarı vərəqə verilməməlidir. “Neftçi”nin oyunçuları yaxınlıqda olmasaydılar, hakimin qərarı fərqli olardı və sarı vərəqə gözlənilirdi. Çünki bu halda perspektivli hücumun dayandırılması müzakirəsi aparıla bilərdi.

63-cü dəqiqədəki epizodda isə cərimə meydançasının içində “Neftçi”nin oyunçusu Yuri Matias ilk olaraq topa toxunur. Onun təbii hərəkəti nəticəsində “Sumqayıt”ın hücumçusu Roy Kehat ilə (futbol təması) yüngül kontakt yaranır və hücumçunu yıxır. Çox önəmli texniki kriteriya müdafiəçinin ilk olaraq topa toxunmasıdır. Bu səbəbdən də hakimin qərarı doğrudur. Topla əlaqə olmasaydı, bu situasiya fərqli qərarla nəticələnərdi”.

Xatırladaq ki, “Neftçi” – “Sumqayıt” görüşü 1:1 hesabı ilə bitib. Qarşılaşmada hesabı 70-ci dəqiqədə qonaq komandanın futbolçusu Cordan Rezabala açıb. Bundan 6 dəqiqə sonra isə Yuri Matias bərabərlik qolunu vurub.

8 turdan sonra “Sumqayıt” 7 xalla yarış cədvəlinin 7-ci, “Neftçi” isə 5 xalla 8-ci sırada qərarlaşıb.

Seçilən
66
21
arena.az

10Mənbələr