AZ

Yeni sənaye parkları yaradılır

Sənaye zonaları bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasıdır. Bu sənaye mərkəzləri iqtisadi resursların şaxələndirilməsi, neft sektorundan asılılığın azaldılması və qeyri-neft-qaz sektorunda davamlı artımın stimullaşdırılmasında mühüm rol oynayır. Sənaye zonaları qeyri-neft-qaz sektorunun rəqabət qabiliyyətinin artırılması, biznes mühitinin yaxşılaşdırılması, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, insan kapitalının inkişafı və s. istiqamətlərdə töhfə verir. Sənaye zonalarında birbaşa xarici investisiyaların cəlb edilməsi yolu ilə innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Sənaye zonaları həm də müəssisələrdə kadrların intellektual potensialının və ixtisas səviyyəsinin yüksəldilməsinə kömək edir ki, bu da davamlı iqtisadi artımın mühüm şərtlərindən sayıla bilər.Son onilliklərdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun, eləcə də regionların iqtisadi inkişafına diqqət artırılıb. Ölkədə sahibkarlığın hərtərəfli inkişafı üçün müxtəlif dəstək və stimullaşdırma mexanizmləri yaradılıb. Bunlara vergi güzəştləri, güzəştli kreditləşmə, biznes kreditlərinə dövlət zəmanəti və s. daxildir.

Prezident İlham Əliyevin sərəncamları ilə həm ölkə səviyyəsində, həm də ayrı-ayrı regionlarda dayanıqlı və səmərəli iqtisadi inkişafa nail olmaq məqsədilə ölkədə səkkiz sənaye parkı və dörd sənaye məhəlləsi yaradılıb və uğurla fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur.  Ölkəmizin və ümumilikdə regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında 40 müəssisəyə rezident statusu verilmişdir. Fəaliyyət göstərən müəssisələrin faktiki sayı isə 24-ə yüksəlmişdir.

2011-ci ildə   Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır.

 2015-ci ildə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılmışdır. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da “Bakı Gəmiqayırma Zavodu” MMC-dir.

Həmçinin, 2015-ci ildə Mingəçevir Sənaye Parkı yaradılmışdır. Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış, ümumilikdə 20 min ton iplik istehsalı gücünə malik “Mingəçevir Tekstil” MMC-nin pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir.

Ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə 30 hektar ərazidə Pirallahı Sənaye Parkı yaradılmışdır. Hazırda Pirallahı Sənaye Parkında 7 müəssisə rezident kimi qeydiyyatdan keçmişdir ki, bunlardan artıq 2-si fəaliyyətə başlamışdır.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşmış və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş, elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə  2021-ci il də  Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmışdır. Sənaye Parkı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri üzrə logistika mərkəzi funksiyasını və Zəngəzur dəhlizi üzrə nəqliyyat potensialından səmərəli istifadə olunması üçün logistik baza rolunu yerinə yetirəcəkdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da işlər mərhələli şəkildə həyata keçirilir.

Aygün Xudayeva,
48 nömrəli məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
7
1
ikisahil.az

2Mənbələr