AZ

Baş prokuror Bəhreyn Krallığının nümayəndə heyəti ilə görüşüb

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Bəhreyn Krallığının Baş prokuroru Ali Bin Fadhel Al-Buainainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qoşulmama Hərəkatı çərçivəsində Bəhreyn Krallığı ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirən Kamran Əliyev iki ölkə arasında güclü siyasi və ticarət əlaqələrinin mövcudluğunu qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə birgə noyabrın 15-də “Gücləndirilmiş iqlim fəaliyyəti üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli plenar iclas təşkil edəcəyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Azərbaycan Respublikası ilə Bəhreyn Krallığının prokurorluq orqanları arasında möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Bəhreyn Krallığının Baş prokuroru iki ölkənin müvafiq qurumları arasında əlaqələri yüksək qiymətləndirib.

Tərəflər prokurorluq orqanları arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması, qarşılıqlı peşəkar səfərlər və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlığın zərurəti qeyd olunub.

Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin daha da intensivləşdirilməsi məqsədilə “Əməkdaşlığın inkişaf etdirilməsi haqqında” anlaşma memorandumu imzalanıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Seçilən
50
15
azertag.az

10Mənbələr