"Qadın İslahatçıları və İnnovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseyinli QHT.az-a verdiyi özəl açıqlamada bu gün - 1 oktyabr, Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 106-cı ildönümü münasibətilə prokurorluq işçilərini təbrik edib. Hüseyinli, Azərbaycanda prokurorluğun tarixi ənənəsinin olduğunu, hüquqi çərçivənin qorunmasında və insanların hüquqlarının müdafiəsində prokurorluq sisteminin mühüm rol oynadığını vurğulayıb.
Vətəndaş cəmiyyəti ilə prokurorluq arasında əlaqələrin qurulmasının müsbət tendensiya olduğunu qeyd edən Hüseyinli, "Müəyyən tədbirlərə vətəndaş cəmiyyətinin dəvəti, onların iştirakı müsbət addım kimi dəyərləndirilməlidir," deyə bildirib. O, həmçinin, gender münasibətlərinin qorunması ilə bağlı son dövrlərdə prokurorluq sistemindəki cəhdləri yüksək qiymətləndirib.
"Artıq Azərbaycanda qadın prokurorları görə bilirik. Bu, sevindirici bir haldır. Hər bir prokurorluq əməkdaşını, o sistemdə əməyi olan hər kəsi təbrik edirəm, uğurlar arzulayıram," - deyə Vüsalə Hüseyinli sözlərinə əlavə edib.
Sonda, Hüseyinli, vətəndaş cəmiyyəti və prokurorluq arasında münasibətlərin inkişafının insan hüquqlarının qorunması üçün yeni işlər və ənənələr ortaya qoyacağını vurğulayıb. "Bu əməkdaşlıq yüksək səviyyədə davam edəcək," - deyə o, fikrini yekunlaşdırıb.
Pərvanə Fərhadqızı
QHT.az