AZ

Repetitorluq sahibkarlıq fəaliyyəti kimi rəsmiləşdiriləcək? - AÇIQLAMA

"Repetitorluq bu günümüzdə labirintdən çıxara bilmədiyimiz məşğulluq növünə çevrilib. Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər. Son onilliklər repetitorluqla bağlı nələr yazılmayıb, nələr deyilməyib, məsələyə kimlər tərəfindən fərqli münasibətlər bildirilməyib?! Yəni bu əlavə və əlahiddə xidmət növü nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda birmənalı qarşılanmayan problem olaraq qalır".

Bu fikirləri təhsil eksperti Nadir İsrafilov Redaktor.az-a açıqlamasında bildirdi.

Onun sözlərinə görə, el arasında repetitorluq “zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırılsa belə, təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşmə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, durmadan inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir:

"Bir neçə il öncə Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən, məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilərdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmisinin sözlərinə görə, valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bu variant elə vəd olaraq qaldı.

Bir halda ki, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdursa və əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünək?"

Nadir

Nadir İsrafilov vurğuladı ki, bu gün “repetitorluq ləğv edilə bilməz” kimi fikirlər səsləndirilir.

"Sual olunur niyə ləğv oluna bilməz? Baxaq, görək Azərbaycanda repetitorluq hansı zərurətdən yaranmağa başladı? Sovet dönəmində repetitor anlayışı olmayıb. Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənəti repetitorluq institutu formalaşmadan öncə özünün bir növ intibah dövrünü yaşayıb. Bizim dünya səviyyəsində tanınan yazıçılarımız, elm xadimlərimiz, rəssamlarımız olub. Repetitorluğun yaranma səbəbi isə Azərbaycanda test üsulunun tətbiqi ilə başlayıb. Yəni bizdə ailələr bəhsə girərək övladlarının ali məktəbə qəbul olunması üçün onları repetitor yanına göndərməyə başladılar. Bu, ali məktəbə qəbul olmaq həvəsindən yaranan bir anlayışdır. 

Amma repetitorluq yeni-yeni yaranmağa başlayanda yalnız 10-11-ci siniflər müəllim yanına gedirdilər və seçdikləri ixtisasa uyğun fənlərdən hazırlaşırdılar. İndi isə nəinki 9-10-cu siniflər əlavə hazırlığa gedir, bu qeyri-rəsmi fəaliyyət sahəsi hətta məktəbəqədər təhsil müəssələrini belə əhatə edir. Məsələ ondadır ki, repetitorluq məsələsinə ikitərəfli yanaşma sərgilənir. Kimsə öz övladını hazırlığa qoymaq istəsə, heç kim ona qadağan edə bilməz. Amma məsələnin ikinci tərəfi odur ki, şagirdlərin böyük əksəriyyəti məktəb dərslərinin hesabına repetitor yanına gedir. Bu, məktəb mühitinin dağılmasına, nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Bu gün müəllimlərimiz sanki kateqoriyalara bölünüb - adi, repetitor və bunker müəllimi. Düzdür, repetitorluq institutu 30 il ərzində formalaşıbsa, biz bunu birdən-birə ləğv edə bilmərik. Ancaq davamiyyətə görə məktəb rəhbərlərinin məsuliyyətini artırmaq, buraxılış və qəbul imtahanlarının modelini dəyişmək və ya heç olmasa sadələşdirmək yolu ilə müəyyən irəliləyişə nail ola bilərik. Heç olmasa müəllimin məktəbdən, şagirdin müəllimdən ayrı düşməsinin qarşısını almaq üçün, məktəb mühitinin deqradasiyaya uğramasını dayandırmaq üçün, onsuz da zədələnən müəllim nüfuzunu yeni zədələrdən qorumaq üçün istənilən halda nəsə etməliyik", - deyə təhsil eksperti bildirdi.

Sevinc İBRAHİMZADƏ

Seçilən
145
1
redaktor.az

2Mənbələr