AZ

BİZİM TƏQVİM: 2 oktyabrda baş vermiş tarixi hadisələr

1992-ci ilin bu günündə Xocavənd rayonu Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. Nəticədə rayon sakinlərindən 141-i şəhid, 300 nəfərdən çoxu əlil olub. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.

Nəhayət, 2020-ci ilin payızında rayonun bir hissəsi, 2023-cü ilin sentyabrında isə Xocavənd tamamilə Azərbaycanın nəzarətinə keçib. 

Bəs, oktyabrın 2-də dünyada hansı hadisələr baş verib? 

1. 2 oktyabr 1187-ci ildə Səlahəddin Əyyubi Qüdsü ələ keçirdi və səlibçi ordusunun 88 illik işğalına son qoydu. 

2. 2 oktyabr 1552-ci ildə Çar İvan (IV) Qroznının qoşunları bir neçə ay mühasirədə saxladıqları Kazan şəhərinə daxil olublar. Şəhərin süqutu ilə Kazan xanlığının (indiki Tatarıstan və Volqaboyu ərazilər) Rusiya dövlətinə birləşdirilməsi başa çatdı. 

3. 2 oktyabr 1923-cü ildə Mustafa Kamalın “Gəldikləri kimi gedərlər” dediyi işğal qüvvələrinə məxsus son hərbi dəstə İstanbuldan ayrıldı. 

4. 2 oktyabr 1936-cı ildə ABŞ-da yenidən spirtli içki istehsalına icazə verilib. 

5. 2 oktyabr 1990-cı ildə Çin hava yollarına məxsus təyyarə oğurlandı. Təyyarə Quanqzho hava limanına eniş etdikdən sonra iki təyyarəyə çırpıldı, 132 nəfər həlak oldu. 

6. 2 oktyabr 1992-ci ildə Əgə dənizindəki təlim zamanı ABŞ təyyarə gəmisindən atılan iki raket Türkiyənin “Muavenet” adlı hərbi gəmisinə dəydi, 5 Türk dənizçi şəhid oldu. 

7. 1994-cü il oktyabrın 2-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə qiyam baş verib. Bu, Surət Hüseynovun artıq ikinci qiyamı idi. 

8. 1995-ci ilin bu günündə Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr qurulub. 

9. 2 oktyabr 1996-cı ildə Peru hava yollarına məxsus sərnişin təyyarəsi Sakit okeana düşdü, 70 nəfər öldü. 

10. 2007-ci ilin bu günündə “Xəzər TV” təsis edilib.

11. 2 oktyabr 2007-ci ildə BMT Baş Assambleyası hər il oktyabrın 2-nin Beynəlxalq qeyri-zorakılıq günü kimi qeyd olunması barədə qərar qəbul edib. Qərarda bildirilir ki, bu gün sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiqləmək üçün təsis olunub. 

12. 2017-ci il oktaybrın 2-də ABŞ-ın Las Veqas şəhərindəki musiqi festivalına avtomat silahlarla atəş açıldı, 58 nəfər həlak oldu, 500-dən çox insan yaralandı. 

Oktyabrın 2-də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. Bu gün görkəmli şairə, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın anım günü (1832-1897). 

2. Azərbaycanın baş leytenantı, Milli Qəhrəman Çingiz Babayev 2 oktyabr 1964-cü ildə anadan olub.  

3. 2 oktyabr 1981-ci ildə Xalq artisti Həsənağa Salayev (5.12.1921 – 1981) vəfat edib.  Akademik Milli Dram Teatrında çalışıb. “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

4. 2 oktyabr 2018-ci ildə səudiyyəli jurnalist Camal Kaşıkçı viza işləri üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna girdi. Bu tarixdən sonra Kaşıkçıdan xəbər alına bilmədi. Sonradan onun konsulluqda öldürüldüyü açıqlandı. 

5. Azərbaycanlı mayor Vətən Müharibəsi Qəhrəmanı Elbrus Bayramov 2 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. 

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
167
22
bizim.media

10Mənbələr