AZ

İgidlər, Toral düzmü söylədi?

"Dədə Qorqud” filmində maraqlı bir epizod var.

Qazan Xanın oğlu Tural atasının qınağıyla üzləşir ki, baş kəsib, qan töküb, ad çıxarmayıb, ov ovlamayıb, quş quşlamayıb.

Tural da atasının cavabında "sən məni nə vaxt ov ovlamağa, quş quşlamağa apardın?” soruşur.

Ərafdakı cəngavərlərə, əli qılınclı döyüşçülərə üzünü tutan Qazan xan da onların fikrini öynəmək üçün belə bir sual edir: "İgidlər, Tural düzmü söylədi?”

"Qarabağ”ın sol cinah yarımmüdafiəçisi Toral Bayramov "Tottenhem”lə Londonda keçirilən görüşün 58-ci dəqiqəsində pemalti zərbəsini qola çevirə bilmədi. Onun zərbəsindən sonra top qapı tirinin üzərindən meydanı tərk etdi. Məlum məsələdir ki, azlıqda qalan rəqiblə oyunda hesab arasındakı fərqi azalda bilsəydik, qalan dəqiqələrdə azı 1 xala ümid etmək olardı. Amma futbol elə oyundur ki, nəyisə proqnozlaşdırmaq mümkünsüzdür. Ola bilərdi ki, ikinci qolu vurmaq həvəsiylə irəli atılan "Qarabağ” rəqibinə əks-hücumda yaxalanardı və qapısından bir, yaxud da daha çox sayda qol buraxardı. Lap elə xal qazanmaq arzusuyla hücuma keçən bizimkilərdən kimsə qırmızı vərəqə ala bilərdi. Demək istədiyim odur ki, Toralın zərbəsi qol olsaydı belə, 100 faiz nəticənin fərqli olacağına zəmanət vermək mümkün deyildi.

Kaş ki, o zərbə qol olardı. Necə ki, Ramil Şeydayev İsveçlə oyunda millimizin qol ümidini boşa çıxardı. Nəriman Axundzadə isə Serbiyanın U-21 millisi ilə qarşılaşmada fürsəti boşa verdi. Amma şəxsən mən bu cür epizodlara görə futbolçuların asılıb-kəsilməsinin əleyhinəyəm. Fernandu Santuşun Slovakiya ilə oyunda Ramili qaçırılan penaltiyə görə cəzalandırdığı, ona görə də yanında əyləşdirdiyi deyilirdi. Sonrasının necə olduğunu gördük. Santuş başa düşdü ki, onun əlinin altında Ramilə alternativ olacaq hücumçu yoxdur. Çox keçmədi ki, Şeydayevi "döyüşə atdı”. Elə "Neftçi”də də bu cürdür. Ramil 90 dəqiqə ora-bura qaçır, əlinə düşən təkəmseyrək fürsətləri də boşa verir. Bunun qarşılığında heç kim onun ayağına daş bağlayıb, dəniza atmır. Əksinə, onu kapitanlıq sarğısıyla mükafatlandırıblar da.

Çünki futbol belə bir oyundur. Kimisə futbol diliylə desək, "kəsmək” üçün ondan daha yaxşı ehtiyat variantın olmalıdır. Təəssüflər olsun ki, bizdə futbolçu seçimi elə də geniş deyil. Ayağı normal top tutan yerli futbolçuların sayı ümumiyyətlə, tək əlin barmaqlarının sayı qədərdir. Ona görə də məşqçisi də, azarkeşi də, lap elə jurnalisti də onları qorumalı, nazlarını çəkməli, qayğılarına qalmalıdır. Bunu edə bilməyəndə heç olmasa, üzərlərinə gedib, psixologiyalarını darmadağın etməməliyik. Razılaşsaq da, razılaşmasaq da belədir.

Heç kim məndən inciməsin. Sanki müəyyən bir kəsim var ki, daim qalmaqal, dava-dalaş axtarışındadır. Londondan üzgün qayıdan Toral "Sabah”la oyunun startındaca gözəl qol vurdu. Qol sevincini kameranın önündə komanda yoldaşlarıyla paylaşdı, əlliylə, ağzıyla müəyyən jestlər etdi. Dərhal da adını qoydular ki, Bayramov azarkeşlərə mesaj yollayıb, onların susmasına işarə vurub. Sonradan ortaya çıxan görüntülərə əsasən belə qənaətə gəlmək mümkündür ki, Toralın jestlərinin azarkeşlərin susmasıyla əlaqəsi yox imiş, əvvəllər də belə edibmiş.

Mən futbolçuların həddən artıq əzizlənməsinin, göylərə qaldırılmasının da əleyhinəyəm, sonradan onların qaldırıldıqları yüksəklikdən sürətlə yerə çırpılmasının da. Toral azarkeşlərə jest edibsə, səhvə yol verib. Qurban Qurbanov da bu barədə oyundan sonra danışıb, düzgün münasibət sərgiləyib. Biz də öz üzərimizə düşəni etməli, bu cür şübhələrə yol açmamaq üçün diqqətli olmalıyıq. Elə etməliyik ki, sonradan oturub baş sındırmayaq ki, filan futbolçu qol vurduqdan sonra hansı jesti niyə etdi (qaynarinfo).

Amal Abuşov

phrase_var_article.chosen
50
1
sportinfo.az

2phrase_var_article.sources