Bakı, 2 oktyabr, AZƏRTAC
Otuz ildir ki, Azərbaycan itkin düşmüş şəxslər problemi ilə üz-üzədir. 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə “İtkin düşmüş şəxslər” adlı qətnamə qəbul edilib və dövrü əsasda iki ildən bir qətnamə yenidən irəli sürülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın "Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi" mövzusunda keçirilən sessiyasında söyləyib.
İşğaldan azad edilmiş ərazilərdə yüzlərlə kütləvi məzarlıqların aşkarlandığını konfrans iştirakçılarının diqqətinə çatdıran nazir müavini əlavə edib: “İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən işlər həyata keçirilir. Ərazilərimizdə törədilmiş saysız-hesabsız cinayət faktlarına baxmayaraq, regionda sülhün tərəfdarı Azərbaycandır. Həmçinin 2020-ci il müharibəsindən sonra ölkəmiz erməni hərbçilərinin qalıqlarını qarşı tərəfə təhvil verib. Ermənistandan da gözləyirik ki, itkin düşmüş şəxslər barədə məlumatları Azərbaycana təqdim etsin”.