AZ

Himalay dağlarında yeni “kriptovalyuta dövləti” yaranır

Yazını böyüt
Yazını kiçilt

Himalay dağlarında yerləşən kiçik Cənubi Asiya ölkəsi Butan Krallığı Bitcoin (BTC) investisiyaları ilə Salvadoru geridə qoyub.

Hafta.az-ın “Blockworks”a istinadən yazdığına görə, Hindistan və Çinin Tibet Muxtar Bölgəsi ilə həmsərhəd olan Butan kriptovalyuta mədən fəaliyyətlərindən həftədə 55 BTC  ilə 75 BTC arasında gəlir əldə edir.

Blokçeyn və kriptovalyuta fəaliyyəti ilə bağlı məlumatları paylaşan “Arkham Intelligence”ə görə, Butan administrasiyasına məxsus Druk Holdinqin əlində 13 min 11 BTC var. Salvadorda isə cəmi 5877 BTC var.

2007-ci ildə Butan Krallığı tərəfindən qurulan Druk Holdinq istehsal, tikinti və bankçılıq, eləcə də kripto pullar sahələrində fəaliyyət göstərir.

Təxminən 727 min əhalisi olan və ümumi daxili məhsulu (ÜDM) 3 milyard dollar olan bir ölkə üçün BTC-nin bu miqdarı əhəmiyyətli sərvət təşkil edir. İspaniyanın "El Pais" qəzetinə görə, Butan administrasiyası əməkhaqqı artımlarını maliyyələşdirmək üçün BTC səhmlərinin bir hissəsini satmağı da nəzərdən keçirir.

“Arkham Intelligence” tərəfindən paylaşılan məlumata görə, Butanın kriptovalyuta sərvəti “əksər hökumətlərdən fərqli olaraq hüquq-mühafizə orqanları tərəfindən aktivlərin müsadirə edilməsindən deyil, 2023-cü ilin əvvəlindən nəzərəçarpacaq dərəcədə artan BTC mədən fəaliyyətlərindən” gəlir.

Cənubi Asiya ölkəsinin kriptovalyuta mədənçiliyi ucuz su elektrik enerjisinə çıxış və may ayında 500 milyon dollarlıq maliyyələşdirmə raundu ilə dəstəklənir. Bu fond Çinli milyarder Jihan Vunun keçmiş baş direktoru olduğu Bitmain-in törəmə şirkəti Bitdeer ilə ortaq şəkildə təmin edilir.

Pekində yerləşən Bitmain kriptovalyutada istifadə olunan xüsusi çiplər istehsal edir. Sinqapurda yerləşən Bitdeer kriptovalyuta mədən platforması kimi xidmət edir.

BTC-dən başqa, Butan administrasiyası 35 milyon dollar dəyərində Ethereum, 3 milyon dollar dəyərində Binance sikkə və 20 min dollar dəyərində Polygon-a da sahibdir.

Digər tərəfdən, Butan hökumətinin investisiya strategiyası rəqəmsal aktivlərdən çox kənara çıxır. Ölkədə maqnezium və qrafenin çıxarılması üçün mədən işləri də aparılır, infrastruktur, enerji və məlumat mərkəzlərinə investisiyalar qoyulur.

Asiya İnkişaf Bankının hesablamalarına görə, Butanın ÜDM-i bu il 4,4 faiz artacaq və bunun 2025-ci ildə 7 faizə çatacağı proqnozlaşdırılır.

Seçilən
102
hafta.az

1Mənbələr