Quba-Xaçmaz Regional Təhsil İdarəsi məktəblinin sinif yoldaşı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.
İdarədən verilən açıqlamada bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə məlumat veriləcək.
***