AZ

Bu məsələdə də ikili standartlarla üzləşirik - Dövlət başçısı

Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Qeyd edib ki, 1993-cü ildən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinə yetirir. Vətən müharibəsindən sonra Komissiyanın fəaliyyəti daha da genişləndirilib və yaxşı nəticələr əldə edilib. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilib və onlar hərbi ehtiram göstərilməklə dəfn edilib.

“Bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır.

Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşır. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir”, - deyə Azərbaycan Prezidenti bildirib.


Müəllif: Teleqraf.com
Seçilən
81
teleqraf.com

1Mənbələr