AZ

ABŞ-da vitse-prezidentliyə namizədlərin debatları keçirilib

Çərşənbə axşamı, oktyabrın 1-i axşam Nyu-Yorkda ABŞ-ın vitse-prezidentliyə namizədləri Demokrat Tim Vals və Respublikaçı J.D.Vens arasında ilk və yəqin ki, yeganə debat baş tutub. “CBS News” yazır ki, debat 90 dəqiqə davam edib.

Vitse-prezidentliyə namizədlər müxtəlif mövzulara toxunublar: Yaxın Şərqdəki münaqişə, qeyri-qanuni miqrasiya, qlobal istiləşmə, mənzil çatışmazlığı, silah sahibliyi, inflyasiya, qadınların reproduktiv hüquqları, yüksək dərman qiymətləri və ABŞ-da demokratiyaya təhlükə.

Müzakirə İranın İsrailə raket atmasından bir neçə saat sonra başlayıb, ona görə də birinci sual Yaxın Şərqdəki vəziyyətlə bağlı olub. Namizədlərdən Ağ Evdə olsaydılar, İsrailin İrana qarşı qabaqlayıcı zərbəsini dəstəkləməyə hazır olub-olmayacağı soruşulub. Lakin namizədlərin heç biri suala birbaşa cavab verməyib, -“BBC” yazır.

Müzakirələr zamanı Tim Vals Vensi və onun partiya üzvlərini mühacirləri “insanlıqdan çıxarmaqda və alçaltmaqda” günahlandırdı. “AFP” xatırladıb ki, Vens Sprinqfilddə yaşayan haitili miqrantların şəhərin ev heyvanlarını yeməsi ilə bağlı irqçi mifi ilk yayanlardan biri olub.

Vens, öz növbəsində, "xüsusilə qeyri-qanuni" miqrasiya artımını ABŞ-da mənzil qiymətlərinin artması ilə əlaqələndirdi və həmçinin hazırkı vitse-prezident Kamala Harrisi bu problemləri həll edə bilməməkdə günahlandırdı.

Abort mövzusunu müzakirə edən Tim Vals respublikaçıları qadınların şəxsi həyatına qarışmamağa çağırıb. “Biz qadınların tərəfdarıyıq, öz qərarlarını vermək azadlığının tərəfdarıyıq”,- dedi Vals.

Bu debatda ən emosional şəxs yenə televiziyada debatı izləyən və özünün “Truth Social” sosial şəbəkəsində şərh yazan Donald Tramp oldu. O, “CBS”-in moderatorlarına hücum edərək, Valsı “pafoslu” və “aşağı IQ” adlandırıb.

“Reuters” qeyd edir ki, ABŞ vitse-prezidentliyinə namizədlər arasında debatlar nadir hallarda seçkilər üçün həlledici əhəmiyyət kəsb edir. Bununla belə, Kamala Harris və Donald Trampın təxminən eyni səviyyədə dəstəyə malik olduğu indiki vəziyyətdə, hətta Vals və ya Vens-in bəyanatları ilə ictimai rəydə yaranan kiçik dəyişikliklər də həlledici ola bilər.

Almaz Həsənli

Seçilən
12
oxumeni.az

1Mənbələr